Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2021 13:12
Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin Bakıda keçirilən mətbuat konfransında Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsi şəhidi, baş leytenant Valeh Məmiyevdən danışır.
O, şəhidimizlə bağlı xatirələrini danışarkən kövrəlir. Şəhidimiz Müdafiə Nazirinə verdiyi sözü də tutub. Bir azdan bu haqda da danışacam. Əvvəlcə Valeh Məmiyevi yaxından tanıyaq.
Şəhid baş leytenant Valeh Məmiyev Vətən müharibəsində tank bölüyünün komandiri kimi Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Yardımlının dağlar qoynunda qərar tutumuş Kürəkçi kəndində sadə bir ailədə, 1994-cü ilin 27 martında dünyaya gələn bu oğlanın uşaqlıqdan hərbiçi olmaq istəyinə "yox" deməsələr də ailəsi bunu keçici həvəs kimi qəbul edib. Amma heç kim düçünməyib ki, hərbi geyimlilərə, silahlara hədsiz həvəs göstərən Valeh vaxt gələr həm özünü, həm də kiçik kəndinin adını tarixə qızıl hərflərlə yazdırar. Özü də elə peşəkar tankçı kimi.
Valeh 13 yaşında Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmaqla böyük orduya gedən yolda ilk addımlarını atır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nda peşəkarlığını daha da artırır. Əfsanəvi tankçı Həzi Aslanovun layiqli davamçısı olacağına and içən gənc leytenant Azərbaycan Ordusunda tank taqımının və bölüyünün komandiri vəzifələrində xidmət edib, "baş leytenant" hərbi rütbəsinə yüksəlir.
O, 2020-ci ilin avqustunda Azərbaycan-Türkiyə birgə taktiki təlimlərdə göstərdiyi yüksək peşəkarlıq və zabit mətanəti Türkiyənin Müdafiə Naziri Hülusu Akarın diqqətini cəlb edir. Azərbaycanlı tançkıya qol saatı, suvenir və silah bağışlayan Hülusu Akarın "siz torpaqlarınızı azad edəcək qədər hazırlıqlısınız və bu missiyanıza uğurlar arzulayıram" deməsinə , Azərbaycan ordusunun zabiti, zabit şərəfinə and içərək torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmağa hazır olduğunu və bunun üçün Ali Baş Komandan İlham Əliyevdən əmr gözlədiyini söyləyir.
Bu qısa diloq foto ilə əbədiləşir.
Oktyabrın 19-da Qubadlı döyüşlərində ölümcül yaralanan Valeh cibindən məhz Hülusu Akarla olan şəkili döyüş yoldaşına verərək,gülümsəyərək son anda bu sözləri söyləyir. " Cənab generala de ki, mən sözümün üstündə dayandım" - Vətən sağ olsun". O, oktyabrın 23 ü aldığı yaradan şəhid olur.
İndi bu ailə çox qürurludur, şəhidimizin qəhrəmanlığı səsi-sorağı tək Azərbaycanda yox, qardaş Türkiyədə də duyulur.. Şərəflə ömrünü tamamlayan Valehin adına doğulduğu evdə muzey guşəsi yaradıılıb.
Və o guşədə şəhidimizə aid şəxsi əşyalar və Türkiyə Müdafiə Nazirinin verdiyi hədiyyələr saxlanılır.
Qeyd edək ki, baş leytenant Valeh Məmiyev ölümündən sonra, prezident, İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi", Cəbrayılın azad olunmasına görə, , Füzulinin azad olunmasına görə , Zəngilanın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib.