Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2021 19:38
Sabahdan Bakıda qış rejiminə keçidlə əlaqədar yaşayış binaları, təhsil müəssisələri, xəstəxanalar, idarə və təşkilatların mərkəzi istilik sistemi vasitəsi ilə isidilməsinə başlanılacaq. Lakin sözügedən prosesdən bəzi yeni tikililər kənarda qalacaq və bu binaların sakinləri evlərini kombi aparatları, qaz plitələri və ya kondisionerlər vasitəsi ilə isitməyə davam edəcək.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, havaya daha çox qazın atılmasına səbəb olan kombi aparatlarının işlədilməsi ekoloji cəhətdən zərərli olmaqla yanaşı, əhalinin xərclərini də artırır.
MTK-lardan niyə mərkəzi istilik sisteminə qoşulmamalarını soruşduq. Aydın oldu ki, bəzi binalar tikilərkən ümumiyyətlə mənzillərdə istilik sistemi nəzərdə tutulmayıb. "Azəristiliktəchizat"ın sisteminə qoşulmaq isə o halda mümkün olmur ki, yaxınlıqda hansısa qazanxana yerləşmir.
"Azəristiliktəchizat" ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Rafiq Əliyev bildirir ki, yeni binaların da mərkəzi istilik sisteminə qoşulması daha təhlükəsiz şəkildə istilik təminatı, qaza və xərcə qənaət deməkdir. Lakin MTK-lar öz maddi maraqları ucbatından bu addımı atmır.
Qeyd edək ki, mərkəzi istilik sistemindən istifadənin təşviqi məqsədi ilə bu yaxınlarda qazanxanalara verilən qazın qiyməti hər min kubmetrə görə 20 qəpikdən 13 qəpiyə endirilib. Bu da əhalinin daha ucuz istiliklə təminatına şərait yaradır. MTK-ların da mərkəzi istilik sisteminə qoşulması yüzminlərlə yeni abonentin ucuz, təhlükəsiz, ekoloji təmiz istilik təminatına imkan yaratmış olar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: