Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2021 09:34
"Pfizer", "BioNTech" və "Moderna" şirkətləri hər saniyə min dollar qazanır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu rəqəm "People's Vaccine Alliance" adlı QHT-nin son araşdırması zamanı üzə çıxıb.
Alyans hesabatı tərtib edərkən şirkətlərin illik mühasibat hesabatlarına və digər açıq informasiyalara (xüsusən də dövlətlərin sifarişlərinə) istinad edib. Sənəddə göstərilir ki, 3 şirkətin illik xalis mənfəəti vergilər çıxıldıqdan sonra 34 milyard dolları keçəcək. Başqa sözlə, dəqiqəyə 65 min, günə 93 milyon dollar.
İlin 9 ayı ərzində "Pfizer"in dövriyyəsi 57 milyard dolları keçib. Bunun yarısı vaksin satışından əldə edilib. Bundan əlavə, farmakologiya şirkətinin gəlirinin 16%-i onkoloji, 12%-i isə kardioloji xəstəliklərə aid dərmanların istehsalından formalaşıb.
"Moderna" şirkətinin ilk 3 rübdə gəliri 11 milyard dolları keçib. Şirkət cari ildə 18 milyard dollar dövriyyə gözləyir.
Hesabat dövründə "BioNTech"in dövriyyəsi 13.4 milyard, xalis mənfəəti isə 7 milyard dollar təşkil edib. Digər əczaçılıq laboratoriyalarından fərqli olaraq Uğur Şahinin rəhbərlik etdiyi şirkətin demək olar bütün gəlirləri koronavirus əleyhinə vaksindən formalaşır.
Lakin məsələnin başqa tərəfi də var. Bu 3 şirkətin istehsal etdiyi vaksinlər çox bahadır, xüsusi saxlanma şəraiti tələb edir. Onları yalnız inkişaf etmiş ölkələr alır.