Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 15:00
Bakı. Trend:
Paytaxtın və Xəzər rayonunun polis və prokurorluq əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, aprelin 17-də rayonun Şağan qəsəbəsi, yeni yaşayış massivində 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib. Həmin əşyalar götürülərək maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin