Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəaltı vəzinin orqanizmdə rolu

Mədəaltı vəzinin orqanizmdə rolu

Tarix: 7 Dekabr 2021 08:36

İnsanların əksəriyyəti bilir ki, mədəaltı vəzi insulin ifraz edir. Lakin bu mədəaltı vəzinin yeganə funksiyası deyil. Hər şey daha mürəkkəbdir.

Mədəaltı vəzi çox mürəkkəb quruluşa malikdir. Mədəaltı vəzi mədənin arxasında yerləşir. Onun ölçüsü orta hesabla 17 sm-dir, çəkisi isə təxminən 80 qr-dır.

Mədəaltı vəzi orqanizmdə 2 növ müxtəlif funksiyaları yerinə yetirir:

1. Mədəaltı vəzi xüsusi fermentlər (enzimlər) ifraz edir ki, bu fermentlər həzm sistemində zülalları, yağları və karbohidratları parçalamağa kömək edir. Amilaza fermenti karbohidratların, lipaza - yağların, tripsin - zülalların parçalanmasında iştirak edir. Bu maddələr insan orqanizminə qida ilə mürəkkəb formalarda düşür və bu formalarda orqanizm tərəfindən mənimsənilə bilmir. Lakin fermentlər onları daha sadə elementlərə parçalayır ki, bu elementlər orqanizm tərəfində asan mənimsənilir.

Mədəaltı vəzinin axarı öd axarı ilə birlikdə nazik bağırsağın başlanğıcı olan 12 barmaq bağırsağa açılır.

Müxtəlif səbəblərə görə (düzgün olmayan qidalanma, spirtli içkilərin qəbulu, xroniki stresslər və s.) mədəaltı vəzidə pozulmalar inkişaf edə bilər. Bu zaman vəzinin fəaliyyəti azalır, fermentlər daha az miqdarda ifraz olunmağa başlayır. Bunun nəticəsində insanda qarının yuxarı hissəsində ağrılar, ürəkbulanması, qusma, ishal, nəcisin "yağlı" olması kimi simptomlar meydana çıxır. İştana və fiziki aktivlik azalır, orqanizm qidalı maddələrin çatışmazlığından əziyyət çəkməyə başlayır.

Özünüzdə bu kimi simptomları müşahidə etdikdə mütlə qastroenteroloqa müraciət edin.

2. Mədəaltı vəzi insulin və bir çox digər daha az tanınan hormonları ifraz edir. İnsulin qanda şəkərin səviyyəsini tənzimləyir. Qanda normadan artıq qlyükoza yığıldıqda mədəaltı vəzi insulini ifraz etməyə başlayır ki, bu hormon orqanizmin hüceyrələrinə qlyükozanın çatdırılmasını təmin edir. Əgər mədəaltı vəzinin insulini ifraz edən beta-hüceyrələri dağılmağa başlayarsa, bu insulinin az miqdarlarda ifraz olunmasına səbəb olacaq. Bu halda insanda şəkərli diabet xəstəliyi inkişaf etməyə başlayır.

Əgər siz özünüzdə daim halsızlıq, yorğunluq, yanğı hissi, dərinin qaşınması, sidik ifrazının tezləşməsi, ağızda quruluq, kəskin arıqlama kimi simptomları müşahidə edirsinizsə, mütləq qanda şəkərin səviyyəsini yoxlayın.

İnsulindən əlavə mədəaltı vəzi bir neçə çox vacib hormonlar ifraz edir: qlyükaqon, polipeptid, qrelin və s. Qlyükaqon insulindən fərqli olaraq qanda qlyükozanın səviyyəsini artırır. Qrelin hormonu isə iştahaya cavabdehlik edir.


Etiketlər:  Mədəaltı vəzinin orqanizmdə rolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ