Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2021 22:57
Yeni növ koronavirus (COVID-19) infeksiyası zamanı orqanizmdə bir sıra kliniki əlamətlər yaranır, lakin həmin əlamətlərlə yanaşı, bir sıra başqa əlamətlər də yarana bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat verən həkim-infeksionist Əsmər İsmixanova deyib: "COVID-19-a yoluxmuş xəstədə temperaturun yüksəlməsi, dadbilmə və qoxubilmənin itməsi kimi kliniki əlamətlər baş verir. Lakin bununla yanaşı, COVID-19-un qeyri-populyar əlamətləri də var və çox vaxt xəstələr ondan xəbərsiz olurlar. Məsələn, səpgilərin olması, oynaqlarda və kürəkdə ağrı, hətta bəzi xəstələrdə müvəqqəti olaraq göz fəsadları yarana bilər. Bundan başqa bəzi hallarda qanda şəkərin miqdarının yüksəlməsi də müşahidə olunur".
O, ev heyvanları vasitəsilə infeksiyaya yoluxmağın mümkünlüyü barədə sualın cavabında deyib: "Azərbaycanda ev heyvanlarının yeni növ koronavirus (COVID-19) virusuna yoluxması və onun insanlara yayılması barədə indiyədək heç bir fakt qeydə alınmayıb. Lakin COVID-19 virusu səthlərdə bir neçə saat ərzində qala bilir. Bu, həm də heyvanlara aiddir, yəni onların dərisində, tük örtüyündə virusun qalması mümkündür. Ona görə də ev heyvanları ilə yaxın təmasdan çəkinmək lazımdır. Lakin onu evdə bəsləyənlər, tüklərini oxşayanlar da var, xüsusilə uşaqlar heyvanlarla əylənir, vaxt keçirirlər. Belə təmasdan sonra əlləri 40-60 saniyə ərzində sabunla təmiz yumaq lazımdır".