Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 07:56
Dekabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.
İclasdan əvvəl komissiyanın həmsədrləri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin arasında görüş keçirilib.
Səudiyyə Ərəbistanının investisiya naziri Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi, habelə dövlət müstəqilliyinin bərpasının və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümləri münasibətilə səmimi təbriklərini çatdırıb, ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, xüsusilə iqtisadi, kommersiya və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Maliyyə naziri Samir Şərifov bildirib ki, güclü İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri yüksələn xətt üzrə inkişaf edir və 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri əlaqələrimizin daha da möhkəmlənməsi, xüsusilə, iqtisadi əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi üçün möhkəm əsaslar yaradıb.
Azərbaycanla Səudiyyə Ərəbistanı investorları arasında etibarlı işgüzar əlaqələrin ardıcıl inkişafı üçün bundan sonra da zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayan nazir bu xüsusda ötən il Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "ACWA POWER" şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələrinin imzalandığını qeyd edib, bu kimi təmasların davam etdirilməsində və daha çox Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycana investisiya cəlb etməsində, xüsusilə də investisiya və ticarət əməkdaşlığında qeyri-neft sektorunun xüsusi çəkisinin artırılmasında maraqlı olduğumuzu vurğulayıb.
Görüşdən sonra maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin sədrliyi ilə Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib.
Komissiyanın 6-cı iclasının gündəliyinə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, ticarət və investisiya, enerji, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, islam məsələləri, turizm, gənclər və idman, siyasi, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayan Samir Şərifov, eyni zamanda, iqtisadi və digər sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu qeyd edib.
Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən quruculuq işləri barədə məlumat verən Komissiyanın həmsədri Qarabağ regionunun minalardan təmizlənməsi, tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin, infrastrukturun bərpası işlərinin sürətlə həyata keçirildiyini bildirib, Səudiyyə Ərəbistanı şirkətlərini azad olunmuş ərazilərin bərpasında və yenidən qurulmasında iştiraka dəvət edib.
Azərbaycanın maliyyə naziri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, səudiyyəli investorları sənaye zonalarına və aqroparklara, o cümlədən Sumqayıt kimya sənaye parkı, Yüksək texnologiyalar parkı, Mingəçevir yüksək texnologiyalar parkı və Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları və Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinə sərmayə yatırmağa dəvət edib.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu və Səudiyyə Ərəbistanının iş adamlarının Azərbaycanda turizm infrastrukturunun inkişafına öz töhfəsini verə biləcəyini diqqətə çatdıran nazir, eyni zamanda, kənd təsərrüfatı sahəsində də ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib, kənd təsərrüfatı və ərzaq məsullarının istehsalı üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılmasının, Azərbaycanda mövcud olan kənd təsərrüfatı layihələrinə səudiyyəli iş adamlarının cəlb edilməsinin, Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına idxalının potensial əməkdaşlıq sahələri kimi önə çəkib.
Samir Şərifov Səudiyyə Ərəbistanın Azərbaycanda bir neçə şirkətinin, o cümlədən uğurla fəaliyyət göstərdiyini, bu baxımdan "ACWA Power" şirkətinin digər şirkətlərə nümunə kimi göstərib.
Komissiyanın iclasında qeyd olunub ki, koronavirus pandemiyası ötən il ölkələrimiz arasında ticarət əlaqələrinə mənfi təsir göstərsə də, 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 47,3 faiz artıb.
Komissiyanın digər həmsədri, Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Səudiyyə Ərəbistanı və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını və Səudiyyə Ərəbistanı şirkətlərinin bu sahələrə investisiya yatırmaq istəklərini ifadə edib. O, Müştərək Komissiyanın 6-cı iclasının yekunlarına əsasən qarşıdakı aylarda Tədbirlər Planının hazırlanmasının və işgüzar səviyyədə təmasların real layihələrə çevrilməsi üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.
Nazir Səudiyyə Ərəbistanı və Azərbaycanın ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam İnkişaf Bankı, OPEK+ çərçivəsində səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.
Sonra Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, qeyri-neft sektorunun inkişafı istiqamətində görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logistika imkanları barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən təqdimat keçirilib. Eyni zamanda, Səudiyyə Ərəbistanı Krallığının investisiya, nəqliyyat və logistika imkanları barədə bu ölkənin İnvestisiya Nazirliyi tərəfindən təqdimat olub.
Müzakirələrin yekunu olaraq həmsədrlər Samir Şərifov və Xalid bin Əbdüləziz Əl-Falihin Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar. Sənəddə siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya, energetika, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, mədəniyyət, elm və təhsil, kənd təsərrüfatı və qida təhlükəsizliyi, əmək, məşğulluq və sosial müdafiə, İslam məsələləri, turizm, gənclər və idman s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Günün ikinci yarısında Müştərək Komissiya öz işini biznes forum çərçivəsində davam etdirib, əməkdaşlıq imkanları müzakirə olunub, hər iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.