Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 21:16
Türkiyədə cəmi bir neçə gün əvvəl kəskin sıçrayışla bahalaşan və 18 lirəni keçən ABŞ dolları indi eynilə o cür sürətlə ucuzlaşmaqdadır.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, prezident Rəcəb Tayyib Ərdoğanın ötən həftə açıqladığı maliyyə tədbirləri planından sonra dolların məzənnəsi sürətlə enərək bu həftənin əvvəllərində 12-12,5 TL səviyyəsində qərarlaşmışdı. Lakin dünəndən etibarən məzənnə yenidən sürətlə enməyə başlayıb, təkcə bu gün dollar türk lirəsi qarşısında 10 faizdən çox dəyər itirib və 10,7 lirəyə qədər enib. (Bakı vaxtı ilə saat 16.00-a olan məlumat)
Xatırladaq ki, hökumətin açıqladığı qərarlara əsasən banklarda lirə depoziti olanlar onu dollara çevirməyə bilərlər, çünki hökumət dollara indekslənmiş depozit seçimi təklif edir. Yəni depozit müddətinin sonunda dolların məzənnəsi depozitin qoyulduğu tarixdə olan məzənnədən artıq olsa aradakı fərqi dövlət ödəyəcək. Bu qərar valyuta bazarındakı ajiotajın səngiməsinə səbəb olub, amma iqtisadçılar dollara indekslənmiş lirə depozitlərinə keçidin nə dərəcədə uzunmüddətli effekt verəcəyini təxmin etməkdə çətinlik çəkirlər.
"Reuters" agentliyi isə bildirir ki, hökumət dolların məzənnəsinin daha da aşağı düşməsini hədəfləyir. Maliyyə və iqtisadiyyat nazirliyindəki mənbələr deyiblər ki, hökumət dolların məzənnəsindəki gedişatı tərsinə çevirmək üçün iddialı, amma riskli plan üzərində işləyirdi. Çünki 1 ABŞ dollarının 18 lirəni keçməsi təhlükəli idi və iqtisadiyyata dağıdıcı təsir göstərə bilərdi. Agentliyə məlumat verən mənbə "dollar 9 TL səviyyəsinə enərsə bu yaxşı səviyyə olardı" deyib. Digər mənbə də hökumətin dolların məzənnəsini 9 lirəyə qədər aşağı salmasını hədəflədiyini deyib.
Digər məlumatlara görə Mərkəzi Bank hökumətin dollara indekslənmiş lirə depozitləri qərarının ardınca məzənnəni daha da aşağı salmaq üçün bazara müdaxilə edib. Bu həftənin bazar ertəsi və çərşənbə günü Mərkəzi Bankın rekord həcmdə-7 milyard dollarlıq rezerv satışı həyata keçirdiyi bildirilir. HSBC Portföy bankı da Mərkəzi Bankın iki gündə 7 milyard dollar satdığını açıqlayıb. Lakin bazara bu müdaxilənin qapalı olduğu bildirilir.