Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 23:48
Son günlər uşaqlar arasında yayılan xəstəlik qripin, yəni "influenza" virusunun A və ya B ştamıdır. Bəzi hallarda mənşəyi bilinməyən və təhlükəli virus adlandırılan "influenza"nın A və B ştamları tibb elminə uzun illərdir ki məlumdur. "İnfluenza" virusu hər il payız-qış mövsümündə uşaqlar arasında yayılır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə həkim-pediatr Vəfa Hüseynova məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, uşaqlar arasında yayılan virusu yeni növ koronavirus (COVID-19) infeksiyası ilə səhv salmaq olmaz: "Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomları: öskürək, gözlərin sulanması, narahatlıq hiss olunan kimi həkimə müraciət edilməlidir. Bəzən valideynlər övladlarını türkəçarə üsulu ilə müalicə edib vaxt itirirlər. Belə gecikmiş mərhələ müalicə müddətinin uzanmasına səbəb olur. Erkən mərhələdə həkimə müraciət edildikdə isə lazımi müayinə-müalicə üsulu həyata keçirilir. Nəzərə almaq lazımdır ki, gecikmiş mərhələdə test müayinəsi nəticəsində virusa yoluxma halı qeydə alınmır, çünki virus yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına düşəndən sonra pozitiv cavab almaq mümkün deyil. Ona görə də valideynlərə erkən mərhələdə həkimə müraciət etmək tövsiyə edilir".
Həkim-pediatr, həmçinin uşaqların həddindən çox qapalı mühitdə saxlanılmasını da məsləhət görmür. Qeyd edir ki, COVID-19 pandemiyası dövründə uşaqlar xeyli müddət qapalı şəraitdə qaldıqlarına görə, daha sonra ictimai obyektlərin, məktəb və bağçaların açılması virusa yoluxmaları daha da sürətləndirib: "Hazırda uşaqların immuniteti çox zəifdir. Onlar ötən müddətdə açıq havada az vaxt keçirdiklərinə və daha az vitamin qəbul etdiklərinə görə valideynlər payız-qış mövsümündə övladlarına qarşı diqqətli olmalıdırlar".