Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İslamda sağlamlığın qorunması

İslamda sağlamlığın qorunması

Tarix: 16 Yanvar 2022 08:42

Həzrəti Peyğəmbər (s.ə.s.) buyurmuşdur ki, "Xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin".

Bu hədisdə hər birimiz üçün mühüm bir xəbərdarlıq vardır. Çünki xəstəlik gəlməzdən əvvəl sağlamlığın qədrini bilmək, gələ biləcək xəstəliklərə qarşı əvvəlcədən tədbir görməklə olur. Yüksək səviyyəli həkimlərin yetişməsi isə onları yetişdirə biləcək təhsil müəssisələrinin mövcudluğu ilə mümkün olar.

İslam.az bildirir ki, dinimiz sağlamlığı qorumaq məsələsinin üzərində önəmlə durur. Sağlamlığın qorunması, İslamın mühafizə olunmasını istədiyi beş qayədən biridir. Xəstəlikdən qorunmaq, sağlam həyat tərzi sürməyə çalışmaq dini bir vəzifədir. Çünki hər şey sağlam olmaqdan asılıdır. Buna görə də, bir hədisdə "Güclü mömin zəif mömindən xeyirlidir" buyurularaq müsəlmanın fiziki və psixoloji sağlamlığına işarə edilmişdir. Sağlamlığa xidmət üçün tibb elminə və həkimlərin yetişdirilməsinə, müxtəlif müalicə yollarını axtarmağa təşviq edən, xəstəlik gələndə əlləri əllərin üstünə qoyub oturmağın düzgün olmadığını göstərən bir çox hədislər vardır. Onlardan birində belə buyurulur: "Ölümdən başqa elə bir xəstəlik yoxdur ki, müalicəsi olmasın. Yetər ki, dərmanını tapasınız". Buradan başa düşülür ki, müalicəsi olmayan xəstləik yoxdur. Sadəcə müalicə yollarını axtarıb tapmaq lazımdır. Xəstəliklərin çarəsini axtarmağı, müalicə yollarını düşünməyi, dərman qəbul etməyi tövsiyə edən bu hədis nə qədər gözəl və mühümdür: "Uca Allah şəfasını yaratmadığı heç bir xəstəlik endirməmişdir. Ey Allahın bəndələri, dərdlərinizə dərman axtarın!".

Günümüzdə xəstəlik gəlməmiş tədbir görməyin, həkimə gedərək müalicə olunmağın müxtəlif yolları vardır. Bunların ən geniş yayılmış formalarından biri qoruyucu peyvəndlər vurdurmaqdır. Sağlamlığın qorunmasında qoruyucu peyvəndlərin uşaqlıqdan etibarən vurulmasının böyük əhəmiyyəti vardır. Uşaq dünyaya gələn kimi, dərhal onların peyvəndlərinə başlamaq lazımdır. Məktəb yaşına qədər bu iş uşağın ata-anasının öhdəsinə düşür.

Peyvənd kampaniyaları başlayanda peyvənd vurdurmaq dini baxımdan hamımızın üzərinə düşən vəzifələrdəndir. Çünki bundan yayınaraq xəstəliyə yoluxanlar iki şeyə görə - həm özlərini qorumadıqları, həm də xəstləliyin yayılmasına səbəb olduqları üçün məsuliyyət daşıyırlar. Peyvəndi olan xəstləyinin peyvənd ilə qarşısının alınması Hz Peyğəmbərin (s.ə.s.) "Xəstəlik gəlməmiş sağlamlığın qədrini bilin" nəsihətinə uyğundur. Bundan başqa, "Öz əlinizlə özünü təhlükəyə atmayın" (Bəqərə, 195) ayəsində də buna işarə vardır.

Hər bir insan özünün və ailəsinin sağlamlığını qorumağa cavabdeh olduğu kimi, cəmiyyətin psixoloji və fiziki sağlamlığını qoruyacaq mütəxəssislər yetişdirməkdən də məsuldur. Böyük İslam alimlərindən Qazali bildirmişdir ki, tibb təhsili fərzi-kifayədir. Yəni bir cəmiyyətin fiziki və psixoloci problelərini həll edə biləcək qədər həkim yetişdirmək həmin cəmiyyətə vacibdir. Bu da mövzunun əhəmiyyətini göstərmək üçün yetərli bir dəlildir.

Əziz möminlər!

Sağlamlığı qorumaq və psixoloji baxımdan möhkəm olmaq təkcə dərman və ya peyvəndin işi deyil. Yeməyin, içməyin, geyinmənin, yuxu və istirahətin, təmizliyin və kifayət qədər bilikli olmağın da bu məsələdə öz rolu vardır.

Bu xüsusda bir çox xəbərdaredici hədislərdən biri də bizlərə işıq tutur. Rəsulullah (s.ə.s.) buyurur: "Bir yerdə vəba olduğunu eşidəndə oraya getməyin. Olduğunuz yerdə vəba olduqda isə oradan çıxmayın". Burada yoluxucu xəstəliklər üçün karantinin tətbiq olunmasının vacibliyi açıq şəkildə bildirilmişdir.

Unutmayaq ki, bədənin bütün orqanlarının sağlamlığı kimi, ruh sağlamlığı da tibb elminin sahələrindəndir. Beləcə tibb, elmin yarısı sayılmışdır. Buna görə də, dinimizdə tibb təhsili və hər kəsin yetərli tibbi bilikləri əldə etməsi mühüm bir yer tutur.

Xəstəxanalar açmaq, onları yaşatmaq, xəstəliklərin qarşısını almaq üçün tədbirlər görmək, yeni dərmanlar icad etməyə çalışmaq dinimizin bizdən istədiyi vəzifələrdəndir. Çünki bütün bunlar sağlamlığı qorumağın vasitə və səbəbləridir. Şafi belə demişdir: "Halal və haramı bildirən elmdən sonra tibb elmindən faydalısını tanımıram".

Hörmətli müsəlmanlar!

Sağlamlıq Allahın bəndələrinə verdiyi bir nemətdir. Onun dəyərini bilmək lazımdır. Sağlamlığı qətiyyən boş yerə sərf etmək olmaz. Onu qoruyub, ondan faydalanmalıyıq. Çünki Hz Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "İki nemət vardır ki, insanlardan çoxu onlar haqqında aldanmışlar. O nemətlər - sağlamlıq və boş vaxtdır". Peyğəmbərimizin nəsihətinə qulaq asaraq hər iki nemətin qiymətini bilmək bizim borcumuzdur.


Etiketlər:  İslamda sağlamlığın qorunması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ