Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 21:38
Gürcüstanda koronavirusa yoluxma halları artmaqda davam edir. Ölkənin 4 naziri də bu virusa yoluxub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
Bildirilir ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, təhsil naziri Mixeil Çxenkeli, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili və regional inkişaf və infrastruktur naziri İrakli Karseladze koronavirusa yoluxublar. Bu səbəbdən də nazirlər hökumətin bugünkü iclasında iştirak etməyiblər.
Hazırda həmin nazirliklərin əməkdaşlarının da nəzarət altında olduğu bildirilir.
Qeyd edək ki, son sutkada Gürcüstanda daha 7 947 nəfər koronavirusa yoluxub, 31 pasiyent pandemiyanın qurbanı olub.
Bununla da ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 1 059 392-yə, ölənlərin sayı isə 14 732-yə çatıb.
Hazırda bəzi bölgələrdə, o cümlədən azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda bir neçə məktəb məsafədən təhsilə keçib.
Marneuli rayonu 6 saylı ictimai məktəbdə müəllimlərin bir çoxu koronavirusa yoluxub və bu səbəbdən təhsil ocağı yanvarın 25-dən 8 günlük onlayn rejimdə fəaliyyət göstərəcək.
Bundan başqa, Marneulidə 3 ictimai məktəbin bəzi sinifləri də təhsil rejimini onlayn rejimdə davam etdirəcək.