Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2022 12:54
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi İran İslam Respublikasında keçirilən 40-cı Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak edir.
Festival çərçivəsində ötən gün "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramı iki dəfə nümayiş olunub.
Nüfuzlu beynəlxalq tədbirin tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan tamaşadan öncə Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə qonaqları salamlayıb, səhnə əsəri barədə onlara dolğun məlumat verib, ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı şərəfli qələbədən, şəhidlərimizin şücaətindən, müqəddəs şəhid analarının dastanlara sığmayan qəhrəmanlığından danışıb.
Qeyd edək ki, tamaşanın ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Samir Qulamovdur.
Tehrandakı Mərkəzi Şəhər Teatrında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyətinin üzvlərini: Əməkdar artist Nahidə Orucova, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, Samir Qulamov, Səmədzadə Xasiyev, Əli Kərimov və Qabil Gözəlovu sürəkli alqışlarla qarşılayan tamaşaçılar onlarla xatirə şəkilləri çəkdirib, avtoqraflar alıblar.
Xatırladaq ki, bu gün də festival çərçivəsində dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin "Utancaq qız" fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşa nümayiş olunacaq. Səhnə əsərinin tərcüməçisi və yeganə qəhrəmanı Əməkdar artist Şövqi Hüseynov bu tamaşa ilə gün ərzində iki dəfə səhnəyə çıxacaq.