Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Evlilik təklifləri çox gəlir, sadəcə mən hiss etməliyəm ki, bu mənim adamımdır''

''Evlilik təklifləri çox gəlir, sadəcə mən hiss etməliyəm ki, bu mənim adamımdır''

Tarix: 19 Fevral 2022 09:45

Sonxeber.net tanınmış müğənni Dilarə Kazımovanın moderator.az-a verdiyi  müsahibəni təqdim edir.
 
- Dilarə xanım, bu günlərdə müğənni həmkarınız Ülviyyə Rəhimova ilə birlikdə duet oxuduğunuz "Korablik" adlı mahnınıza klip çəkdirdiniz. İstərdim söhbətimizə bundan danışmaqla başlayaq.

- Biz Ülviyyə Rəhimova ilə uzun illərdir ki, dostuq. Neçə vaxtdır istəyirdik ki, bir mahnı yazıb, duet oxuyaq. Nəhayət ki, biz bunu reallaşdıra bildik. İnşallah bizim duetlərimiz, kliplərimiz davamlı olacaq.
 
- Bir müddət əvvəl bizneslə məşğul olacağınızı demişdiniz. İşlərə başlamısınız?
 
- Xeyr, hələ ki, heç bir biznesim yoxdur. Çox istərdim ki, geyim biznesim olsun. Mən İncəsənət gimnaziyasının rəssam və dizayner fakültəsini bitirmişəm. Ola bilsin ki, gələcəkdə xüsusi geyim brendi biznesim olsun. Amma bu hələ ki, mənim arzumdur. Geyim səhnə insanına hər zaman lazımdır. Bəzən özümə lazım olan geyimi tapmıram, məcbur oluram ki, onu dizayn etdirim. Kliplərimdə 90 faiz geyim və dizaynı özüm edirəm.
 
- Pandemiya sizə çox ziyan vurdu?
 
- Əslində hə. Çünki 2 il ərzində normal tədbir və toylar yox idi. Var idisə də çox az idi. İl ərzində demək olar ki, heç nə qazanmadıq. Bütün müğənnilər bu vəziyyətdə idi, təkcə mən yox. Dünya ölkələrində müğənninin mahnısını hansısa platformadan yükləyəndə ona pul gəlir, bizdə belə bir sistem yoxdur. Orada bazar böyükdür, inşallah bizdə də belə bir bazar qurular. Bizdə bazar balacadır.
 
- Həyatınızın ən çətin gününü nə vaxt yaşamısınız?
 
- Hər bir kəsin həyatında çətinlik, ağır gün olur. İnsan nə qədər bundan uzağa qaçsa da onu yaşayır. Bundan heç kim sığortalanmayıb. Əlbəttə ki, itkilərdən çox qorxuram.
 
- Evlilik təklifləri çox alırsınız?

 
- Evlilik təklifləri çox gəlir, sadəcə mən hiss etməliyəm ki, bu mənim adamımdır. Evlənib boşandığım üçün indi daha diqqətli olmalıyam. Hələ ki, öz yarımı tapmamışam, inanıram ki, tapacağam. Mən qismətə çox inanıram. Amma incəsənət adamı, eyni peşəni bölüşdüyüm şəxs ilə ailə həyatı qurmaq istəmərəm. Çünki bu ikimiz üçün də çətindir. İki qoçun başı bir qazanda qaynamaz. Amma birdən qarşıma elə insan çıxa bilər ki, onunla ailə həyatı quraram və sözümün üstündə durmuş olmaram.
 
- Kasıb oğlanla ailə həyatı qurardınızmı?
 
- Həyatda hər şey ola bilər. Sevgi olsa, sevsəm mənə maraqlı olmaz ki, o oğlan kasıbdır, yaxud da varlı. Əsas sevgi, emosiya olsun.


Etiketlər:  Evlilik təklifləri çox gəlir sadəcə mən hiss etməliyəm mənim adamımdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ