Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2019 09:48
Ostin Texas Universiteti (UT Austin) nəzdində Qabaqcıl Hesablamalar Mərkəzi (TACC) dünyanın ən məhsuldar akademik superkompüteri olan və iyun üzrə “TOP500 2019” reytinqində beşinci yerdə qərarlaşan yeni “Frontera” superkompüterini rəsmən işə salıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, sistem Milli Elm Fondunun (NSF) 60 milyon dollarlıq investisiyası sayəsində ərsəyə gətirilib. Superkompüterin yaradılması ilə “Dell EMC”, “Intel”, “Mellanox”, “DataDirect Networks”, “NVIDIA”, “IBM”, “CoolIT” və “Green Revolution Cooling” şirkətləri məşğul olub.
“Frontera” klasteri hər biri iki 28 “Intel Xeon Platinum 8280” nüvə prosessoruna malik 8008 hesablama qovşağından ibarətdir ki, bu da ümumilikdə yarım milyon nüvə deməkdir. Sistemin pik məhsuldarlığı 38,8 petaflops, real isə 23,5 petaflops təşkil edir.
Qovşaqlarla əlaqə üçün “Mellanox” şirkətinin 200 Qbit/saniyə gücünə malik “InfiniBand” interkonnektindən istifadə olunur. “Frontera”, həmçinin “DataDirect Networks” provayderinin bərkcisimli toplayıcılar əsasında innovativ məlumat saxlama sistemi ilə təchiz edilib.
İstiliyin soyudulması üçün “CoolIT”, “Cooltera” və “Green Revolution Cooling” (GRC) şirkətlərinin istehsalı olan maye soyutma sistemi tətbiq edilib.
Bundan başqa, “Frontera” superkompüterinin tərkibinə “IBM POWER” prosessoruna malik 9448 ədəd “NVIDIA Tesla V100” sürətləndiricisi əsasında əlavə sistem daxildir. Onlar neyron şəbəkələrin məşqlərinin sürətləndirilməsi, süni intellektdən istifadə, molekulyar dinamika sahəsində tədqiqatlar və digər hesablamaların aparılması üçün tələb olunur.
Yaxın aylarda tədqiqatçıların hesablama sistemlərindən tez istifadə imkanı ilə təmin edilməsi məqsədilə superkompüterə “Microsoft”, “Google” və “Amazon” “bulud” servislərinin inteqrasiya olunacağı gözlənilir.
Nizam Nuriyev