Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-pediatr: Pnevmoniyası olan uşaq özünü halsız hiss edir, aktiv ola bilmir

Həkim-pediatr: Pnevmoniyası olan uşaq özünü halsız hiss edir, aktiv ola bilmir

Tarix: 23 Fevral 2022 22:42

Pnevmoniya alveolların, yəni oksigenin qana keçdiyi hava kisələrinin iltihabıdır. Kiçik kisələri xatırladan alveolların içərisinə hava dolur və həmin havanın tərkibindəki oksigen damarların divarlarından qana keçir. Həmin kisələr nə qədər yaxşı açılar və hava ilə çox dolarsa, qana keçən oksigenin miqdarı da bol olur. Lakin bu kisələr mikroblar və ya virusların təsirinə görə, iltihablı maye ilə dolduqda hava az keçə və ya heç keçməyə də bilər. Belə olan halda, qandakı oksigenin də miqdarı azalır. Bu, saturasiyanın (qanda oksigen səviyyəsi) aşağı düşməsinə səbəb olur. Saturasiya düşdükdə xəstə özünü halsız, əhvalsız hiss edir və iştahasız olur. Deməli, pnevmoniya olan uşaq aktiv hərəkət edə bilmir. Bəzən valideynlər evdə aktiv hərəkət edən, oynayan, lakin arabir və ya davamlı öskürən uşağın sətəlcəm olduğunu düşünür, rentgen müayinəsinə tələsirlər. Buna ehtiyac yoxdur, çünki hər öskürək pnevmoniya əlaməti deyil. Pnevmoniya xəstəliyi zamanı öskürək olmaya da bilər.

Sonxeber.net xəbər verir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.

Həkim-mütəxəssis qeyd edib ki, körpələr, adətən, pnevmoniya ilə xəstələndiyi zaman zarıyır və yeməkdən imtina edirlər: "Əksər hallarda onların tənəffüsü çətinləşir. Ümumiyyətlə yenidoğulmuşlar üçün zarımaq, adətən, xəstəlik əlaməti, aktiv səsli, emosiyalı ağlamaq isə sağlamlıq əlamətidir. Yenidoğulmuşlarda alveollar, yəni hava kisələri tam açılmadığı halda da onlarda pnevmoniya inkişaf edə bilir. Hətta reflüksi olan, yəni tez-tez qusan, eləcə də süd aspirasiyası (nəfəs yoluna getməsi) ilə üzləşən körpələrdə də pnevmoniya yarana bilər. Həmçinin serebral iflic xəstəliyindən əziyyət çəkən uşaqlarda belə, yeməyin aspirasiyası ilə əlaqədar yaranan pnevmoniyalara tez-tez rast gəlinir. Əksər hallarda isə pnevmoniya - ağciyər toxumasının iltihabı viruslardan və ya mikroblardan qaynaqlanır. Onlardan bəzilərinə qarşı, misal üçün pnevmokok pnevmoniyası və hemofilus influenza əleyhinə peyvəndlər mövcuddur. Hər dəfə qriplə yoluxan zaman xəstədə əlamətlər qalır və onda pnevmoniya yaranırsa, belə şəxslərin qrip əleyhinə də vaksin vurdurması məsləhətdir".


Etiketlər:  Həkim pediatr Pnevmoniyası olan uşaq özünü halsız hiss edir aktiv bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ