Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevin yardım xahişinə Ankaranın reaksiyası necə olacaq?

Kiyevin yardım xahişinə Ankaranın reaksiyası necə olacaq?

Tarix: 24 Fevral 2022 13:50

"Ankara Bosfor və Dardanel boğazlarını Rusiya gəmilərinin üzünə bağlaya bilər".

Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Rusiya təcavüzü fonunda Ukraynanın Türkiyədən yardım istəyinə Ankaranın verəcəyi reaksiyanı şərh edərkən deyib.

Ekspertin fikrincə, Türkiyə NATO sammitinin verəcəyi qərarı gözləyərək, bu müharibəyə qoşulmağa tələsməyəcək:

"NATO-nun sammiti keçirilir. Türkiyə Prezidenti Ərdoğan da bəyan etdi ki, çox şey NATO-nun bu sammitdə verəcəyi qərardan asılı olacaq. NATO Ukrayna ilə bağlı mütləq mənada konkret qərar verməlidir. Onların məsələni uzatması hərbi eskalasiyanın daha da artmasına gətirib çıxara bilər. O baxımdan Türkiyənin Ukrayna ilə bağlı qərarı da NATO-nun sammitindən sonra bəlli olacaq".

N. Miri düşünür ki, bütün hallarda Türkiyənin Ukraynaya hərbi yardım məsələsi mümkün olmayacaq:

"Çünki Ankara bu prosesdə iştirak etmir. Türkiyənin hər iki dövlətlə münasibətləri var və Ankara bu münasibətləri pozmaq istəməyəcək".

Bununla belə, həmsöhbətimizə görə, Rusiyanın Ukraynanın daha dərinliklərinə doğru irəliləməsi ilə Ankara bəzi addımlar ata bilər:

"Moskva Donbasdan başqa Kiyev və başqa digər şəhərlərə də hücum etsə, Türkiyə Montro anlaşmasına uyğun olaraq Bosfor və Dardanel boğazlarını Rusiya gəmiləri üçün bağlaya bilər. Bu isə Moskvaya müəyyən problemlər yaradacaq. Ankara ola bilsin, Ukraynaya havadan müdafiə sistemləri, pilotsuz uçaqlar da sata bilər. Müharibə uzun müddətli olduğu təqdirdə əlbəttə ki, Ankara Kiyevə bu yöndə yardımlar edəcək".

Qeyd edək ki, Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar Tvitter səhifəsində Ukraynanın Türkiyədən yardım istədiyini yazıb.

"Rusiya Federasiyası Ukraynaya qarşı müharibəyə başlayıb. Ukraynanın dinc şəhərlərini bombalayırlar. Biz strateji müttəfiqimiz Türkiyəni və dost Türkiyə xalqını bu çətin zamanda bizə yardım etməyə çağırırıq", - diplomat bildirib.


Etiketlər:  Kiyevin yardım xahişinə Ankaranın reaksiyası necə olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ