Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlham Əliyev: Ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər

İlham Əliyev: Ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər

Tarix: 24 Fevral 2022 13:54

Mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar səslənirdi.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Biz müstəqilliyin lap ilk dövründən müəyyən informasiya boşluğu ilə üzləşmişik. Üstəlik, əgər bu, sadəcə, vakuum olsaydı dərd yarı idi, biz öz fəaliyyətimizin düzgün interpretasiya edilməməsi ilə üzləşdik. Yeri gəlmişkən, biz indiyə qədər bunu hiss edirik, təkcə qərb ölkələrində deyil, həm də başqa ölkələrdə. Bəzən bilməmək səbəbindən, bəzən də qərəzli şəkildə bizim ölkə daxilində və beynəlxalq arenada nə etdiyimizi düzgün interpretasiya etmirlər. Buna görə son vaxtlara qədər bizim üçün əsas problemlərdən biri məhz Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması idi. Məhz ictimaiyyətə, çünki siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları qane edirdi - nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir. Yeri gəlmişkən, bu il onlar 1992-ci ildən bəri fəaliyyətlərinin yubileyini qeyd edəcəklər. Buna görə biz Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə, ekspert cəmiyyətlərindəkilərə, ictimai əhval-ruhiyyəni formalaşdıranlara çatdırmalı idik. Məhz həqiqəti, təəssüf ki, illər boyu təqdim edilənləri yox, müharibə dövründə bunu edə bildik. Bacardıq. Çoxları deyir ki, biz informasiya müharibəsini uduzmuşuq. Lakin biz elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan qazandıq, dünyanın diqqəti bu müharibəyə yönəldiyinə görə biz, sadəcə, həqiqəti demək imkanı qazandıq. Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm də bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə xüsusi təşəkkürümü bildirirəm ki, o, efirdə Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bir sıra qərb televiziya tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd deməliyəm ki, mənim ünsiyyətdə olduğum qərb KİV-lərinin demək olar ki, hamısı Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə idilər və onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar səslənirdi. Bununla belə bu, hər halda həmin məkana daxil olmağımıza imkan verdi. Fikrimcə, dünyada bütövlükdə kifayət qədər tezliklə yeni reallıqları qəbul etdilər, o cümlədən ona görə ki, kimin haqlı olması, kimin işğala məruz qalması, kimin öz torpağında vuruşması, kimin işğalçı olması aydın idi. Bax, buna görə Sizə və sizin həmkarlarınıza təşəkkür edirəm. Onu da deməliyəm ki, Rusiya media məkanı bütövlükdə neytral olub. Əlbəttə, bəzi şəxsi məqamlar istisna olmaqla bütövlükdə neytrallıq tamamilə qorunub saxlanıb. Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə olmayıb".


Etiketlər:  İlham Əliyev Ünsiyyətdə olduğum qərb KİV lərinin demək olar hamısı Azərbaycana qarşı qərəzli əhval ruhiyyədə idilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ