Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2022 23:51
"Rusiyalı oliqarxların dili açılır. Milyarder iş adamları Oleq Deripaska və Mixail Fridman müharibəni dayandıraraq dərhal danışıqlara başlamağa çağırıblar. Aydındır ki, bunun səbəbi Qərbin elan etdiyi və "Rusiyanı rubilnikdən söndürməyə" yönəlmiş iqtisadi savaşdır".
Bunu politoloq Şahin Cəfərli özünün feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, Avropa Birliyi öz səmasını Rusiya üçün tamamilə qapatdı. Cəfərli bildirib ki, sanksiyaların müddəti bir az da uzansa, Rusiya havaya qaldırmağa təyyarə tapmayacaq:
"Bir az əvvəl Rusiyanın "Pobeda" şirkətinin sərnişin təyyarəsinin İstanbuldan uçuşuna icazə verilməyib. (Bu loukoster "Aeroflot" qrupuna daxildir.) Səbəb İrlandiya lizinq şirkətinin "Pobeda"nın istifadəsinə verdiyi "Boeing"i geri istəməsidir.
Bu gün Rusiyanın Xabarovsk şəhərindən Meksikaya uçan "Boeing"ə də Mexikoda həbs qoyulub. Səbəb sığorta şirkətinin sığorta xidməti göstərməkdən imtinasıdır.
Avropa Birliyi, Britaniya və ABŞ Rusiyaya bütün növ təyyarələrin, onların ehtiyat hissələrinin və avadanlıqların satışını, Rusiyaya aid təyyarələrə texniki və sığorta xidmətləri göstərilməsini yasaqlayıb. Bu sanksiyaların müddəti bir az uzansa, Rusiya havaya qaldırmağa təyyarə tapmaqda çətinlik çəkəcək.
Son yazılarımın birində mübaliğə etmişdim ki, Rusiya orta əsrlərə qaytarılır. Amma gedişat onu göstərir ki, həqiqətən belə olacaq".