Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Moskvada Azərbaycan həqiqətlərini dünyaya çatdırdı”

Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Moskvada Azərbaycan həqiqətlərini dünyaya çatdırdı”

Tarix: 1 Mart 2022 10:36

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə keçirdiyi görüş Rusiya ictimaiyyətinin ölkəmizdə və Cənubi Qafqaz regionunda gedən proseslərə, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin əsas inkişaf istiqamətlərinə və dinamikasına olan böyük marağını bir daha nümayiş etdirdi. Rusiya KİV rəhbərlərinin dövlət başçımıza ünvanladıqları, sualları hər zaman olduğu kimi, dürüst və dolğun cavablandıran dövlət başçımız isə Azərbaycanın obyektiv və sülhsevər mövqeyini bir daha bütün dünyaya göstərdi".

Bunu Sonxeber.net-a verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib ki, Rusiyanın aparıcı KİV rəhbərlərinin verdikləri suallar, ilk növbədə, Rusiya-Azərbaycan münasibətlərinin yeni formata keçidi barədə olub. Bu isə fevral ayının 22-də Moskavada imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" Bəyannaməyə olan maraqdan irəli gəlir: "Əlbəttə ki, bu görüşün ölkələrimiz arasında qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasından dərhal sonra baş tutması heç də təsadüfi deyildi. Dövlət başçımızın da qeyd etdiyi kimi, Rusiya ilə Azərbaycan arasında indiyədək 200-dən artıq sənəd imzalanıb. Lakin müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusi sənəddir. Bu sənədlə Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri rəsmən təsbit edilmiş oldu. Ölkələrimiz arasında bundan əvvəl mövcud olan müqavilədə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında müddəalar öz əksini tapmışdısa da, o sənəd müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Münasibətlərin indiki formatı isə ən ali formatdır." - deyə K.Qafarov qeyd edib.

Millət vəkili erməni əsilli jurnalistin qərəzli sualını cavablandırarkən Prezident İlham Əliyevin ölkəmizdə əsl tolerantlıq və multikulturalizm mühitinin formalaşdığını, Ermənistanın isə sırf monoetnik dövlət olmasını və bu ölkənin hələ də bütün beynəlxalq hüquq normalarını ciddi şəkildə pozan əməllərdən əl çəkmədiyini böyük məharətlə ortaya qoyduğunu vurğulayaraq deyib: "Azərbaycan Prezidenti "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin erməni əsilli baş redaktoru Marqarita Cimonyanın qərəzli və mahiyyət etibarlı ilə təxribat xarakterli sualını cavablandırarkən ölkəmizə qarşı hər zaman mənfi ictimai rəy formalaşdırmağa çalışan erməni təbliğatına növbəti sarsıdıcı zərbəni vurmuş oldu.Dövlətimizin başçısı Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağaların olmadığını bəyan etdi və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərlərindən konkret misallar gətirməklə belə bir iddianın tam əsassızlığını sübuta yetirdi. Prezident İlham Əliyev bir daha xatırlatdı ki, İrəvandan fərqli olaraq, Bakı həmişə çoxmillətli şəhər olub. Monoetnik dövlət olan, praktiki surətdə bütün milli azlıqların, ilk növbədə, azərbaycanlıların deportasiya edildiyi, qovulduğu Ermənistandan fərqli olaraq, Azərbaycan indiyə qədər çoxmillətli dövlətdir. Buna görə də Azərbaycanda multikulturalizm ruhu praktiki olaraq hər yerdə görünür və üstəlik, Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır. Dövlətimizin başçısı ermənilərin işğalda olmuş ərazilərdə törətdikləri vəhşilikləri, eləcə də minalanmış ərazilərin dürüst xəritələrin indiyədək Azərbaycana təqdim olunmamasını da diqqət mərkəzinə çəkib. Qeyd olunub ki, son 30 il ərzində Qarabağda və Zəngəzurda bütün Azərbaycan mədəniyyəti, tarixi, dini irsi məhv edilib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Müharibə başa çatandan sonra ilk aylarda isə, Ermənistanın baş naziri onlarda mina xəritələrinin olmaması barədə inadla danışırdı. Bu, əlbəttə ki, yalan idi. Cəmi bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, belə xəritələr mövcuddur, lakin onları Azərbaycana verməkdən imtina edirdilər. Bununla Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və daha çox insanları ölümə məhkum edirdi. İşğalda olmuş ərazilərdə mövcud dağıntıların miqyası barədə aydın təəssürat yaratmaq üçün dövlətimizin başçısı hətta belə bir müqayisə də apardı ki, Azərbaycan hazırda Livanın ərazisinə bərabər ərazini bərpa etməlidir. Məhz belə bir ərazidə ermənilər tərəfindən misli görünməmiş, ağlasığmayan miqyasda vandallıq törədilib. 30 il ərzində işğal altında olan ərazilərə dəfələrlə səfər edən ATƏT-in Minsk qrupu isə bütün bunları görməməyi üstün tutub. Prezident İlham Əliyev sülh naminə danışıqlar aparılmasının labüd olduğunu bir daha vurğuladı və ölkəmizin buna hazır olduğunu göstərdi. Lakin Ermənistan hələ də Azərbaycanın sülh çağırlşlarına cavab vermir", - deyə Kamaləddin Qafarov öz fikirlərini tamamlayıb.


Etiketlər:  Kamaləddin Qafarov Prezident İlham Əliyev Moskvada Azərbaycan həqiqətlərini dünyaya çatdırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ