Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Azərbaycanda qalsaydım indiki Arzum olmazdım, 10 il özüm üçün yaşadım...”

“Azərbaycanda qalsaydım indiki Arzum olmazdım, 10 il özüm üçün yaşadım...”

Tarix: 3 Mart 2022 03:25

Sonxeber.net xəbər verir ki, uzun müddətdir ictimaiyyətdən uzaqlaşan müğənni Arzum Xəlilova moderator.az-ın suallarını cavablandırıb.
 
-Arzum, sizi azərbaycanlı tamaşaçılar "Azəri star" musiqi yarışmasından tanıyıb sevdilər. O illəri necə xatırlayırsınız?
-Öncə onu deyim ki, yarışmalardan da çox sonrakı fəaliyyətlərim marağa səbəb olmuşdu. Çünki yarışmalarda 3-4 ay fəaliyyətim olub, bir o qədər də çox xatirələrim olmayıb. Hesab edirəm ki, cəsarətli kliplərlə tanınmışam. Əsasən də Azərbaycanda turne səfərlərində, dövlət konsertlərində iştirak etmişəm, kliplər ərsəyə gətirmişəm. 5 il dayanmadan fəaliyyətdə olmuşam. Mən elə o arada tanındım. İşimə çox əmək sərf edirdim və hiss edirdim ki, sevilirəm. Məhz bu sevgi o illərdən mənə ən əziz xatirədir.
 
-Hər şey uğurlu getdiyi bir dönəmdə birdən-birə nə oldu?
 
-Mən səhnə həyatına 13 yaşımda cəsarətli yarışmalarla başlamışam. 23 yaşımda sanki bir az yorğunluğum var idi. Hətta şöhrət məni qane etmirdi, uzaqlaşmaq istəmişdim. Türkiyəyə əslində 10 illik səhnə həyatımın istirahəti üçün getmişdim və bu gediş həyatımın dönüş nöqtəsi oldu. Bir müddət səhnə üçün deyil, özüm üçün yaşadım. Bu tətil uzandı və həyat yoldaşımla tanış oldum. Aşk evliliyi etdik (gülür).
 
-Türkiyədə fəaliyyətinizi davam etdirirsiniz?
-Xeyr, musiqi fəaliyyətimi davam etdirmədim. Amma kiçik bir iş sahibi olmaqla yanaşı ailə həyatı qurdum, ana oldum və qızımın 4 yaşına kimi həyatımı ona həsr etdim.
 
-Sənəti yarıda buraxıb getdiyinizə görə peşmansınız?
 
-Peşman deyiləm, çünki şöhrətdən də önəmli şeyləri əldə etdim. İnsan kimi formalaşmağımda İstanbulun çox böyük rolu oldu. Başqa mədəniyyət, çoxlu kitab oxumaq, bol-bol filmlər izləmək, idman və rəqs terapilərini etmək, əlavə qatıldığım kurslar və s. Bütün bunlara Bakıda vaxtım qalmırdı. Amma İstanbulda şöhrət üçün yox, özüm üçün yaşadım və bu mənim ruhuma hədsiz faydalı oldu. Hesab edirəm ki, hər kəs bir gün başqa ölkədə heç olmasa 2 il yaşamalıdır. Bu insanın dəyişimində hədsiz dərəcədə faydalı olur. Həm də ana olmağın vaxtı çatmışdı. Hər şey şükür yerindədir. Bu dönəm mənim xeyrimə oldu.
 
-Düşünürsünüzmü Azərbaycanda qalsaydım həyatım başqa cür olardı?
-Azərbaycanda qalsaydım indiki Arzum olmazdım. Başqalarının pəncərəsindən, başqalarının gözündən Arzuma baxmağa davam edəcəkdim. Özüm üçün yaşadığım 10 il həyatımda olmayacaqdı. Bəlkə də eyni ssenari olacaqdı. Yenə ailə həyatı qurub, ana olardım. 4-5 il ara verərdim. 
 
-Azərbaycan şou-biznesini izləyirsiniz?
 
-Təəssüf ki, xeyir! Amma verilişlərə dəvət alıram. İyun ayında yavaş-yavaş efirlərə qayıdacağımı düşünürəm. Ona görə də verilişləri izləməyə başlamışam. Çünki qonaq gedəcəyim efirləri seçmək üçün onları tanımalıyam. Hər efirə qonaq getməyəcəm. Bu dəqiqdir.
 
-Siz o vaxt performans göstərirdiniz, əl hərəkətləri, müxtəlif rəqslər və s. İndi bunu edənlər çoxdur. Sizin vaxtınızda bunlar necə qarşılanırdı? Tənqidlər olurdu?
-Bu sualı mənə ünvanlayan bəlkə də 100-cü insansınız. Bəli, rəqslərim 10 il əvvəl marağa səbəb olurdu. Tənqidləri unutmuşam. Sözün düzü çox narahatlıq yaşamamışam. Bəlkə də yaşamışam, amma yadımda qalmayıb. Amma etiraf edim ki, Azərbaycanda rəqs və hərəkətlərimlə çoxuna ilham verdiyimi düşünürəm. 10 il öncəni nəzərdə tuturam. İndi maşallah həm performans, həm də musiqimiz yüksəlib. İnternet hamını daha da sərbəst edib.
 
-Arzum kimin arzusudur?
 
-Arzum arzularının Arzumudur.
 


Etiketlər:  Azərbaycanda qalsaydım indiki Arzum olmazdım özüm üçün yaşadım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ