Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Muğam axşamları” layihəsinin növbəti konserti təqdim olunacaq

“Muğam axşamları” layihəsinin növbəti konserti təqdim olunacaq

Tarix: 5 Mart 2022 14:27

Martın 17-də Beynəlxalq Muğam Mərkəzinin "Muğam axşamları" layihəsinin 2022-2023 Musiqi mövsümü üçün növbəti  konserti  təqdim olunacaq. Böyük maraqla gözlənilən layihənin rəhbəri BMM -nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

Konsertdə  BMM-nin solistləri  Əməkdar artist Səbuhi İbayev, xanəndələr Kamilə Nəbiyeva və Ayşən Mehdiyeva "Şur" muğamını təqdim edəcəklər. Xanəndələri BMM-nin solistləri, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov müşayiət edəcək.  Qeyd edək ki , Musiqi mövsümü ərzində  Beynəlxalq Muğam Mərkəzinin səhnəsində  "Şur", "Zabul-Segah", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər", "Şahnaz",  "Orta Mahur", "Arazbari", "Osmani", "Heydəri", "Bayatı Qacar", "Mahur hindi", "Qarabağ şikəstəsi", "Xaric segah", "Heyratı", "Mirzəhüseyn segahı", "Kəsmə şikəstə", "Bayatı Kürd" , "Ovşarı", "Dəşti", "Qatar", "Rahab", "Şirvan şikəstəsi" muğamları təqdim olunacaq.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də "Muğam axşamları" layihəsidir. Sərt karantin rejimindən sonra ilk dəfə tamaşaçılarla görüşə gələn layihənin bir özəlliyi də ondadır ki, BMM və İctimai Radio 90 FM arasında əməkdaşlıq sayəsində "Muğam axşamları" konsertləri radio dinləyicilərinə də təqdim olunacaq. Həmçinin konsertlər Mədəniyyət kanalı vasitəsilə lentə alınaraq muğamsevərlərlə görüşə gələcək.

Qeyd edək ki,  layihə 2017-ci ildən həyata keçirilir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan konsertlərə tamaşaçılar böyük maraq göstərməkdədir.

Layihənin növbəti konserti 17 aprel tarixində təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Muğam axşamları layihəsinin növbəti konserti təqdim olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ