Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atamla illərdir görüşmürəm, bu vəziyyətə artıq öyrəşmişəm...”

“Atamla illərdir görüşmürəm, bu vəziyyətə artıq öyrəşmişəm...”

Tarix: 8 Mart 2022 14:39

Sonxeber.net xəbər verir ki, Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Gövhər, necəsən? Günün necə keçir?
- Çox şükür, yaxşıyam. Məktəbdən evə, evdən də məktəbə gedirəm. Günümü çox səmərəli keçirməyə çalışıram. Dərslərimi hazırlayıram, oyunlar oynayıram.
 
- Neçənci sinifdə oxuyursan?
 
- 8-ci sinifdə təhsil alıram. Dərslərimi də çox yaxşı oxuyuram. 3-cü qrupa, Xarici Dillər Universitetiə qəbul olmaq istəyirəm. Ona görə də hazırlıqlara gedirəm. İnşallah ki, ora qəbul olaram.
 
- Məktəbdə müəllimlər, şagirdlər Xanım Qafarovanın qızı olduğunu bilirlər?
 
- Bəli, hamı bilir ki, mən kimin qızıyam. Məktəbdə mənə qarşı xüsusi bir münasibət var. İstər müəllim kollektivi tərəfdən, istərsə də şagirdlərdən. Mənim də bütün müəllimlərə hörmətim sonsuzdur.
 
- Bizə müsahibə verdiyini evdəkilər bilir?
- Bəli, müsahibə verəndə evdəkilərin xəbərləri olur, etiraz etmirlər. Yaşıma uyğun qadağalarım da olur, amma sıxmırlar.
 
- Atanla görüşürsən?
 
- Atam şəkər xəstəsidir, görüşmürük, amma arada-sırada telefonla danışırıq. Gəliş-gediş yoxdur. Belə bir vəziyyətə artıq öyrəşmişəm.
 
- Atandan nə istəyərdin?
 
- Təki elə canı sağlam olsun. Heç nə istəmirəm.
 
- Bəs həyatında nə çatışmır?
 
- Həyatımda hər şey var, amma çox şey yoxdur. O da anamdır. Düzdü, anamı mənə əvəz edən xalam, nənəm var, amma onun boşluğunu təbii ki, heç kim doldura bilməz. Böyüdükcə onun yoxluğunu daha da çox hiss edirəm. Kaş anam yanımda olardı. Onda bəlkə də hər şey daha gözəl və yaxşı olardı.
 
- Bir müddət əvvəl Mahsun Kırmızıgülün filmində çəkildin. Yenə də filmlərdə rol almaq istəyirsən?
 
- Hal-hazırda heç bir yerdə çəkilmirəm, amma dəvət gəlsə böyük məmnuniyyətlə çəkilərəm. Rejissorlardan dəvət gözləyirəm. İstəyirəm ki, öz yaşıma uyğun rollar oynayım.
 
- Mahsun Kırmızıgül və Mübariz Mənsimovla əlaqə saxlayırsan?
 
- Mahsun Kırmızıgülün filmində onun qızını oynasam da onunla əlaqəm yoxdur. Mübariz Mənsimovun da bacısı ilə əlaqəmiz qalıb.
 
- Necə dolanırsınız?
 
- Şükür Allaha, yaxşı dolanırıq. Camaat necə, biz də elə. Qənirə Paşayeva, Xatirə İslam və s. xanımlar müntəzəm olaraq bizimlə əlaqə saxlayırlar. 
 
- Nənənin səhhəti necədir?
 
- Səhhəti çox da yaxşı deyil, xəstədir. Yaşı ilə əlaqədar gözü, başı, ürəyi ağrıyır. Özümüz özümüzə baxırıq.
 
- Bəs xalan gəlib baxmır?
 
- Biz xalamla eyni həyətdə qalırıq. Onun da gözü görmür, amma gündəlik maraqlanır.
 
- Anasızlıq necə bir duyğudur?
 
- Anasızlıq mənim üçün dünyanın ən bərbad duyğusudur. Həqiqətən də çox çətindir. Kiçik yaşlarından bunu hiss etmirsən, amma daha sonra anasızlığın necə bir bədbəxtçilik olduğunu anlayırsan. İnsanın həyatının hər bir anında anası onun yanındadırsa bu həmin insan üçün böyük xoşbəxtlikdir. Allah heç kimi anasız qoymasın. Mənim bəxtim də belə gətirdi, təbii ki, buna görə Allaha üsyan etmirəm. 
 
- Həyatda addım atanda kimi və nəyi düşünürsən?
 
- Öncə onu düşünürəm ki, mən Xanım Qafarovanın qızıyam və onun adına layiq olmalıyam. Anam da özünə güvənirdi, ona görə də mən də onun xasiyyətlərini davam etdirirəm. Anam hər gün evə gələndə mənim üçün hədiyyə alırdı, mən də onun ayaqqabılarını kömək edib çıxarardım. Yatanda məni çoxlu öpürdü, nağıllar danışırdı, hətta özü ilə tamaşalara da aparırdı. Heyf ki, rəhmətə getdi.


Etiketlər:  Atamla illərdir görüşmürəm vəziyyətə artıq öyrəşmişəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ