Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 19:06
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində başlayan müharibə dünya bazarlarda xammalın kəskin bahalaşmasına gətirib çıxarıb.
Artıq məlum olduğu kimi, neftin qiyməti son 10 ildə ən yüksək həddə çatıb və "Brent" markalı neftin qiyməti 130 dolları keçib. Avropada isə qazın qiyməti hər min kubmetrə görə 3 900 dollara qədər artıb, daha sonra qiymət aşağı ensə də hazırda 3 min dollar səviyyəsindədir. Gözlənildiyi kimi, müharibə dünya bazarlarında taxılın da qiymətinin artmasına gətirib çıxarıb. Bunun səbəblərindən biri Rusiya və Ukraynanın hər ikisinin iri taxıl istehsalçıları olması ilə bağlıdır. Digər tərəfdən müharibə logistika imkanlarını çətinləşdirib və taxılın Ukrayna sahillərindən gəmilərlə daşınması hazırda mümkün deyil.
Müharibə günəbaxan yağının da kəskin bahalaşmasına səbəb olub, çünki Ukrayna dünyada bu yağın ən iri istehsalçılarından biri idi. Hazırda Türkiyədə günəbaxan yağına görə marketlərin qarşısında uzun növbələr yaranıb, çünki Rusiyanın təcavüzü nəticəsində günəbaxan yağı yüklənmiş gəmilərin Türkiyəyə gəlməsi mümkün deyil. Ölkə daxilində isə günəbaxan yağının ehtiyatları uzağı 2 aya bəs edə bilər.
Türkiyədə günəbaxan yağı müharibədən əvvəl də bahalaşırdı və lirənin dəyərdən düşməsinin nəticəsi olaraq qiyməti ötən il 55 faizə yaxın artmışdı. Müharibə başlayandan sonra isə günəbaxan yağı daha 18-25 faiz bahalaşıb. Anbarlarda ehtiyatların azalması riskinə qarşı Türkiyə vətəndaşları marketlərə axın edərək daha çox günəbaxan yağı almağa çalışırlar. Nəticədə bir çox bölgələrdə günəbaxan yağının satışına məhdudiyyət tətbiq edilib.
Parakəndə qida satıcıları Dərnəyinin başqanı Erdal Tüfekçi bildirib ki, Türkiyədə cəmi iki gün ərzində əvvəllər bir ayda satılan həcmdə günəbaxan yağı satılıb. Çünki tələbat kəskin artıb. "Qiymətin artacağından narahat olub marketlərə axın edən və yağı daha ucuz almağa çalışan vətəndaşlar əslində daha çox bahalaşmaya səbəb olur, çünki tələbatın kəskin artması qiyməti də artırır", - o deyib.
Qeyd edək ki, Azərbaycanda hələlik günəbaxan yağının qıtlığı hiss olunmur, marketlərdə əsasən Rusiya istehsalı olan günəbaxan yağını növbəsiz-filansız almaq mümkündür.