Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 16:42
Bakıda çoxmərtəbəli binanın sakinləri sözün əsl mənasında təhlükədədirlər. Naməlum şəxs binanın bir blokunda lifti yandırmaq istəyib. Hətta bunu əks etdirən videogörüntü də var. Baş vermiş hadisəyə Daxili İşlər Nazirliyindən də münasibət bildirilib.
Liftin içinə kağız yığıb yandırır.
Hadisə paytaxtın Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsi, 84 ünvanında qeydə alınıb. Hadisənin nə vaxt baş verdiyi dəqiq bilinməsə də, çoxmərtəbəli yaşayış binasının 3-cü blokunda naməlum şəxsin lifti yandırmaq istədiyi görünür.
Ehtimal edilir ki, alov liftdə havasızlıqdan alışmayıb. Kağız da az olduğundan yanğın tez sönüb. Sakinlər deyirlər ki, istənilən halda bu, onların həyatı üçün olduqca təhlükəlidir.
Məsələ ilə bağlı binanın komendantına müraciət etdik. Özünü Müşfiq kimi təqdim edən şəxs hadisənin hansı səbəbdən baş verdiyinə aydınlıq gətirmək istəmədi. Əksinə o, sualımızı dinlədikdən sonra yanımızdan uzaqlaşdı.
Bina sakinləri artıq hadisə ilə bağlı ərazi üzrə 29-cu polis şöbəsinə şikayət etdiklərini deyiblər. Şöbədən Xəzər Xəbər-ə bildirildi ki, kameraya müdaxilə edən şəxs müəyyən edilərək ifadəsi alınıb və onun sadəcə liftə kamera quraşdırdığı və yanğını törətmədiyi aşkar olunub. Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev də hadisənən araşdırıldığını bildirib.