Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2019 12:06
Bakı. Samir Əli - Trend:
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (DQBAİ) idarə heyətinin sədri Tural Gəncəliyev işğal edilmiş ərazilərimizdə keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər”lə əlaqədar bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda deyilir:
"Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu il tarixində “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” təşkil edilmişdir. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya, seçki adına böyük bir təhqirdir.
Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri“nə bildirirəm ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmziləmənin həyata keçirildiyi bir şəraitdə bu “seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan, eləcə də təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur.
Əslində, işğalçı Ermənistan və qanlı xunta belə“seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özünü aldatmaqla məşğul olur. Saxta “seçkilər” həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin