Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 19:36
Yüksək səviyyəli Qərb rəsmiləri getdikcə daha çox narahatırlar ki, Rusiyanın Ukraynadakı məğlubiyyətləri Prezident Vladimir Putini daha təhlükəli edir. Bəziləri hətta onu qəfəsdə olan və hücum etməyə hazır heyvana bənzədirlər.
Vaşinqton və Brüsseldən xəbərdarlıq yeni kəşfiyyat məlumatlarının Ukraynanın Moskvanı dalana dirədiyi bir vaxt Ukraynaya göndərilən Rusiya qoşunlarının 20 faizinin öldürüldüyü, yaralandığı və ya ələ keçirildiyini göstərməsindən sonraya təsadüf edib.
"Dalana dirədi demək doğrudurmu, bilmirəm, amma aydındır ki, bir ay keçəndən sonra Rusiya strateji məqsədlərinin, demək olar, heç birinə nail ola bilməyib," çərşənbə günü adının açıqlanmasını istəməyən NATO-nun yüksək səviyyəli rəsmisi müxbirlərə deyib.
"Onlar Kyivdə ilişib qalıblar. Onlar Xarkivdə ilişiblər. Onlar Çernihivdə ilişiblər," rəsmi deyib.
Sonxeber.net "Amerikanın Səsi"nə istinadən bildirir ki,təxminlərə "inamın az olması" səbəbilə Rusiya qoşunlarının Ukraynadakı itkiləri barədə danışmaqdan imtina edən ABŞ-ın müdafiə rəsmilərindən fərqli olaraq NATO rəsmiləri deyir ki, döyüş meydançasındakı bədəl ağır olub.
NATO çərşənbə günü döyüşlərdə 7 min ilə 15 min arası Rusiya qoşununun öldüyünü təxmin edib və bu təxminlər Ukraynadan gələn kəşfiyyat məlumatlarına, NATO-nun öz müşahidələrinə və Moskvanın səhvən yaydığı məlumata əsaslanır.
İttifaq inanır ki, xəsarət alan və itkin düşən əsgərlər də nəzərə alındığında Rusiyanın 30 min ilə 40 min arası qoşunu döyüş meydançasından çıxarılıb.
Ancaq Qərb rəsmiləri xəbərdarlıq edir ki, Putin geri çəkilmək əvəzinə uğursuzluqlara daha böyük qəddarlıq və keçmiş dövrü xatırladan taktikalarla cavab verir.
"Onlar cənubda daha çox nəticə əldə edirlər, amma bunun bədəli tamamilə dəhşətlidir," NATO-nun yüksək səviyyəli rəsmisi deyib və Moskvanın Mariupol şəhərini təslim olmağa məcbur etmək üçün xalça bombardmanı həyata keçirməyə cəhd etməkdə günahlandırıb.
"Onlar İkinci Dünya Müharibəsi aparırlar, 70 illik üsullara əl atırlar," rəsmi deyib. "Bu həddə çatmaq üçün küncə sıxışdırılmalı və belə vəhşiliyə əl atmaq üçün bütün əxlaqi insani qaydaları pozmağa məcbur edilməlisən."
Rəsmi həmçinin xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanı tez bir zamanda özünə tabe edə bilməməsi Putinin Qərb dəyərlərinə qarşı mövcud nifrətini daha da dərinləşdirir və onun münaqişəni Ukraynadan kənara daşımaq ehtimalını artırır.
"İttifaq tamamilə risk altındadır," rəsmi deyib.
Bundan əlavə Putinin kütləvi qırğın silahlarına, nüvə, kimyə və ya bioloji silahlara əl ata biləcəyinə dair narahatıqlar artır.
"Rusiya nüvə təhdidlərinə son qoymalıdır. Bu təhlükəlidir və məsuliyyətsizdir," NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü Brüsselsə müsbirlərə bildirib.
"Nüvə silahlarından istifadə münaqişənin mahiyyətini kökündən dəyişəcək," Stoltenber deyib. "NATO bütün müttəfiqləri qorumaq və müdafiə etmək üçün var və biz Rusiyaya açıq şəkildə bildiririk ki, nüvə müharibəsində qalib gəlmək olmaz və heç vaxt da aparılmamalıdır."
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin nüvə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib. Ağ Ev və Pentaqon rəsmiləri isə buna yaxından nəzarət etməkdə davam edirlər.
"Biz bu potensial fövqəladə halı daim izləyirik və əlbəttə ki, onu mümkün qədər ciddiyə alırıq," Ceyk Sallivan müxbirlərə deyib. "Biz bu potensial fövqəladə vəziyyətlə bağlı müttəfiqlər və tərəfdaşlarımızla məsləhətləşəcək və potensial cavablarımızı müzakirə edəcəyik."