Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brüssel görüşü öncəsi İrəvan və Bakıda kimlər “aktivləşir”?

Brüssel görüşü öncəsi İrəvan və Bakıda kimlər “aktivləşir”?

Tarix: 3 Aprel 2022 14:54

Gələn həftə, 6 aprel tarixində Brüsseldə Əliyevlə Paşinyanın görüşü gözlənilir, məncə, çox vacib, əhəmiyyətli hadisədir.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu sözləri ReAL İdarə Heyətinin üzvü Natiq Cəfərli Azərbaycan və Ermənistan rəhbərlərinin gözlənilən görüşü haqda qeyd edib.

O bildirib ki, konkret sənədlərin imzalanmasını gözləmək çətindir, amma sülh danışıqlarının daimi olması üçün masanın qurulması qərarı mümkündür:

"Yəni, hər iki ölkənin rəsmi şəxsləri Azərbaycanın təqdim etdiyi və Ermənistanın da inkar etmədiyi 5 təməl prinsip ətrafında geniş sülh müqaviləsinin bağlanması üçün daimi fəaliyyətdə olan işçi qrupu təsis edilə bilər. Bu qrup Avropa şəhərlərinin birində, ya da, çox güman, Tiflisdə fəaliyyətə başlaya bilər. Belə bir qərarın olması bölgəmizdə sülhün təsisinin sürətlənməsi üçün vacib bir addım olardı.

Görünən odur ki, Ermənistan özlərinin "Qarabağ problemi" adlandırdıqları məsələdən tamamən çəkilmək, danışıqları ancaq dövlətlərarası müqavilələrin bağlanmasına fokuslamaq istəyir ki, bu, bizə də sərfəlidir. Rusiyaya qarşı kəskin sanksiyaların uzunmüddətli olması artıq şübhə doğurmur, iqtisadiyyatının 70%-nin Rusiyadan asılı olması Ermənistan üçün əlavə çağırışlar, problemlər yaradır. Ermənistanın Qərbə doğru inteqrasiya istəkləri də aydın görünür, amma bu yol Azərbaycan və Türkiyədən keçir ki, bunu da Paşinyan və komandası aydın dərk edirlər, addımlarını strateji olaraq bu yöndə atmağa çalışırlar".
Ekspertin fikrincə, iki ölkə arasında Moskvanın iştirakı və moderatorluğu olmadan istənilən görüş və təmaslar Rusiyanın xoşuna gəlmir, buna görə də Kremlin Ermənistandakı dayaqları aprel ayının 5-də, həftənin ikinci günü İrəvanda mitinq təyin edib:

"Mitinq üçün həmişə həftə sonu seçilirdi, indi bilərəkdən həftəiçi gün seçilib, mitinq görüşdən bir gün əvvələ salınıb.

Açığı məmləkətdə də bənzər provokasiyalar ola bilər. Bəzi siyasi qüvvələrin də ya heç bir ehtiyac olmadan "aksiya" təyin etməyə girişməkləri də, ən azından, suallar yaradır. Azərbaycan cəmiyyətində Ukrayna məsələsi ilə bağlı fikir ayrılığı sıfıra yaxındır - toplum Ukraynanı dəstəkləyir. Yaxşı, bu mövzuda el birliyi, cəmiyyət bötövlüyü varsa, nədən kimlərsə bundan təşvişə düşdülər?! Nə səbəbə orqanik aksiyalar baş tutmuşkən süni gündəm yaratmağa girişdilər?! Nədən bəziləri özlərini "mitinq monopolisti" sayırlar, orqanik aksilara qarşı qısqanc yanaşırlar?!

Bu sullar legitimdir, düşündürücüdür, Brüssel öncəsi ruspərəstlərin provokasiyalarına qarşı diqqətli olmalıyıq..."


Etiketlər:  Brüssel görüşü öncəsi İrəvan Bakıda kimlər aktivləşir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ