Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kainat genişlənmə nəticəsində parçalana bilərmi?

Kainat genişlənmə nəticəsində parçalana bilərmi?

Tarix: 7 Aprel 2022 21:28

NASA-nın Nancy Grace Roman adlı yeni kosmik teleskopu kainatın genişlənərək sonda parçalara bölünüb-bölünməyəcəyi sualına cavab verə biləcək. Sözügedən teleskop 2027-ci ildə kosmosa göndəriləcək. Lakin artıq indidən alimlər bu teleskop barəsində vacib sualları verirlər. Yeni teleskop kainatın əsas sirlərinə cavab tapmaqda yardımçı ola biləcəkmi? Kaliforniya Texnologiya İnstitutunun alimi Yun Wang öz yeni tədqiqatında Nancy Grace Roman adlı teleskopun əsas özəllikləri və kainat genişlənməsi barəsində danışıb. Wang-ın sözlərinə əsasən yeni kosmik teleskop uzaq məsafələrdə yerləşən ekzoplanetləri, milyardlarla yaşa sahib ən qədim qalaktikaları və ən əsas kainat genişlənməsinin bütün tarixini araşdıracaq. Bu teleskopun elmi alətləri elə suallara cavab tapa biləcək ki, həmin cavabları hətta mövcud olan müasir teleskoplar belə tapa bilməzlər. "Biz, kainatdakı ilk qalaktikaları öyrənə, kainat xəritəsində qaranlıq materiyanı təyin edə və Süd Yolu qalaktikasına yaxın olan qalaktikaların nələri gizlətdiklərini aşkar edə biləcəyik" - deyə Yun Wang qeyd edib.

"20-ci əsrin sonuna kimi alimlər düşünürdülər ki, kainat genişlənməsinin sürəti azalır. Lakin 1998-ci ildə məlum oldu ki, onun sürəti əksinə artır. Lakin bu prosesin nəticəsi nə olacaq?" - deyə Wang sual verir. Məhz bunun təyin edilməsi üçün Nancy Grace Roman adlı teleskop istifadəyə veriləcək. Bu teleskop vasitəsilə əldə ediləcək məlumatlar əsasında kainat genişlənməsi sürətinin daha da artıb-artmayacağı və nəticədə kainatın parçalanıb-parçalanmayacağı üzrə olan suallara cavab vermək mümkün olacaq. Aparılmış yeni tədqiqatlara əsasən Nancy Grace Roman teleskopu kainatın 3-6 milyard yaşı olan zaman yaranmış 10 milyon qalaktikanı detallı şəkildə incələyəcək. Bunun sayəsində alimlər kainat strukturunun dəqiq xəritəsini yarada biləcəklər. Bundan əlavə olaraq bu teleskop sayəsində alimlər kainatın 2-3 milyard yaşı olan zaman yaranmış 2 milyon qalaktikaya kimi olan məsafəni dəqiq şəkildə təyin edə biləcəklər.

"Bu üsul ilə biz, kainat genişlənməsini araşdıra və bu prosesin bütün tarixini anlaya biləcəyik. Nəticədə biz, sonda nəyin baş verəcəyini öyrənəcəyik" - deyə Wang qeyd edib. Kainat genişlənir və bu genişlənmənin sürəti artır. Əslində isə bu, baş verməməlidir. Belə ki, kainatda mövcud olan bütün materiyanın qravitasiyası bu genişlənməyə qarşı tormozlama effektini yaratmalıdır. Bu sürətlənmə isə onu göstərir ki, Albert Eynşteyn-in qravitasiya nəzəriyyəsi doğru deyil. Və ya bu o deməkdir ki, kainata yeni enerji anlayışını daxil etmək lazımdır. Buna misal olaraq qaranlıq enerjini gətirmək olar. "Mən düşünürəm ki, yeni fizikanın gəlişi artıq çox yaxındır. Ya biz, qaranlıq enerjinin məlum olmayan enerji komponenti olduğunu öyrənəcəyik, ya da Eynşteyn-in qravitasiya nəzəriyyəsində dəyişikliklər etməli olacağıq" - deyə Wang əlavə edib

Milli.Az


Etiketlər:  Kainat genişlənmə nəticəsində parçalana bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ