Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2022 14:45
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə ayrılmış mənzillərin özəlləşdirilməsi haqqında Fərman imzalayıb.
Sonxeber.net xəbər verir ki, müəyyən edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamının 1.1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılmış mənzillər əvəzsiz olaraq həmin mənzilin ayrıldığı şəxslərin mülkiyyətinə verilməklə özəlləşdiriləcək.
Mənzillərin özəlləşdirilməsi Fərmanda nəzərdə tutulan şəxslərin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciəti əsasında Fərmanda nəzərə alınmaqla həyata keçirilir.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Fərmanda nəzərə alınmaqla, bu Fərmanda nəzərdə tutulan şəxslərin mənzillər üzərində mülkiyyət hüququnun "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və mənzillər üzərində mülkiyyət hüququna dair çıxarışın və daşınmaz əmlaka dair texniki pasportun verilməsini təmin etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 avqust tarixli 2871 nömrəli Sərəncamına uyğun olaraq mənzil ayrılmış şəxslərin siyahısını (hər bir şəxsə ayrılmış mənzilə dair məlumatlar dəqiq göstərilməklə) və mənzilin ayrılmasına dair müvafiq təsdiqedici sənədin surətini bir ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.