Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2022 14:08
Son zamanlar DYP əməkdaşları həyat yoldaşının avtomobilini etibarnamə olmadan, yalnız nikah şəhadətnaməsiylə idarə edən sürücüləri saxlayır və cərimə meydançasına aparır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə DİN yanında İctimai Şura üzvü, tanınmış jurnalist Taleh Şahsuvarov məlumat paylaşıb və narazılığını ifadə edib.
Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, həyat yoldaşının avtomobilini nikah şəhadətnaməsi ilə idarə edən şəxsin cərimələnməsi qanunsuzluqdur:
"Azərbaycan qanunvericiliyi bir-biri ilə bağlıdır. Birgə nikah dövründə əldə olunmuş əmlaka ər və arvadın hər ikisinin sərəncam vermək və sahiblik hüququ var. Hər iki insanın sahib olduğu əmlaka görə niyə biri digərindən etibarnamə almalıdır? Bu absurd və məntiqsiz yanaşmadır".
E.Muradlının sözlərinə görə, artıq bir çox ölkələrdə etibarnamə də əhəmiyyətini itirib:
"Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsinin olması yetərlidir. Əvvəlcə ailə daxilində - ər-arvadın bir-birinə və yaxud övlada etibarnamə verilməsi tələbi ləğv edilməli, daha sonra isə ümumilikdə etibarnamə anlayışı qanunvericilikdən çıxmalıdır".