Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MTN generalı Ədliyyə Nazirliyinin işçisindən 135 min alıbmış

MTN generalı Ədliyyə Nazirliyinin işçisindən 135 min alıbmış

Tarix: 24 May 2022 14:02

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, növbəti prosesdə zərərçəkmiş Natiq Teymurov ifadə verib.

N.Teymurov 2013-cü ilin sentyabrında MTN tərəfindən saxlanıldığını bildirib: ""Sədərək"də sahibkarlıqla məşğul olurdum. Tutulandan sonra iş İstintaq Baş İdarəsinin Metodiki Yardım və Kriminalistika şöbəsinin müstəntiqi Fuad Məmmədova həvalə edildi. Bundan sonra şöbənin rəisi Sahib Ələkbərov məni ən ciddi həddə azadlıqdan məhrum etmə cəzası ilə hədələdi. Azad edilməyim üçün 300 min manat tələb etsə də, 150 min manata razılaşdıq. Sentyabrın 20-də Rəfael pulu MTN-in arxa qapısında Sahib Ələkbərova verdi. Sentyabrın 25-də həbsdən azad edildim".

Bundan sonra Natiq Teymurovla bağlı cinayət işinin istintaqını aparmış müstəntiq Fuad Məmmədov şahid qismində ifadə verib. Onun sözlərinə görə, işlə bağlı heç kimdən pul almayıb: "Müstəntiq olaraq prosessual şəxs olmuşam. İstintaqa nəzarəti həyata keçirən prokurora tabe olmuşam. Qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi sırf prokurorluğun göstərişi əsasında həyata keçirilib. İstinaq müddətində Natiq Teymurovun əməlində qaçaqmalçılıq olmadığı üzə çıxıb və azad edilib".

Daha sonra Ədliyyə Nazirliyinin sabiq əməkdaşı Mənsurə Hacıyeva şahid qismində dindirilib. O, oğlu Qulam Bağırovun MTN tərəfindən şərlənərək həbsə alındığını deyib: "Bu gün, burada dəmir barmaqlıq arxasında əyləşmisən (Mövlam Şıxəliyevi nəzərdə tutub). Sizə görə bizim ailəmiz çox ağır vəziyyətə düşdü. Oğlum Qulamı həbs elədiz, etmədiyi cinayətə görə bizim ailəyə qarşı quldurluq etdiz. Bizdən aldığınız pulları ailələrinizə, övladlarınıza verəndə nə deyirdiz?! Mən bu gün də kirayədə yaşayıram. Haramınız olsun. Uzun illər Ədliyyə Nazirliyində işlədim, heç vaxt sizin kimi Allahsızlıq etmədim. Bizdən 135 min dollar aldınız, oğlum Qulamı aidiyyəti olmayan işə qoşub Ağır Cinayətlər Məhkəməsinə göndərdiz. Orada hakim Qulama dedi ki, məhkəməyə gəlmə. 1 il sonra da çağırıb deyiblər ki, sənə şərti hökm kəsdik".


Etiketlər:  generalı Ədliyyə Nazirliyinin işçisindən alıbmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ