Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2022 16:57
Bizim gündəlikdə duran növbəti planımız yenilənən enerjidir və artıq bu sahədə işlər görülür.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Bundan əlavə, mən Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlığı qeyd etmək istəyirəm. Bu da, "Cənub Qaz Dəhlizi" layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Biz bununla bağlı Avropa Komissiyası ilə daimi təmasdayıq və cari ilin fevral ayının əvvəlində Bakıda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı və bizim energetika naziri arasında aparılmış müzakirələr nəticəsində Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqunu yaratdıq. Gündəlik olduqca genişdir, buraya neft və qaz kimi ənənəvi sahələr daxildir. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir. Hesab edirəm, geniş spektrli mövzular və bu məsələlərdə fəal əməkdaşlıq bizə imkan verəcək ki, ixrac üçün daha çox qaz həcmlərimiz olsun.
Çünki bizim gündəlikdə duran növbəti planımız yenilənən enerjidir və artıq bu sahədə işlər görülür. Bu sahədə Azərbaycan çox gözəl nəticələr nümayiş etdirir. Çünki biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik.
Beləliklə, etibarlılıq vacib amil idi. İkincisi məsələ isə əlbəttə ki, Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir. Yeri gəlmişkən, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib".