Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boğaz əti və ya kəskin tonzillit - Əlamətləri, müalicəsi...

Boğaz əti və ya kəskin tonzillit - Əlamətləri, müalicəsi...

Tarix: 5 Iyun 2022 21:06

Kəskin tonzillit və ya angina badamcıqların iltihabına deyilir. Badamcıqlar ağız və burun vasitəsilə orqanizmə daxil olan mikrobların qarşısını alaraq baryer rolunu oynayır. Bakterial kəskin tonzillit əsasən streptokokklar tərəfindən törədilən, qripdən və kəskin respirator virus infeksiyasından sonra üçüncü yerdə duran geniş yayılmış bir xəstəlikdir. Böyüklər arasında bu xəstəliyə 5%, uşaqlar arasında isə 6%-dən çox rast gəlinir.

Növləri və səbəbləri

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, xəstəliyin əmələ gəlməsində streptokokk bakteriyaları əsas rol oynayır. Bir çox alimlərə görə angina zamanı badamcıqlardan götürülmüş yaxmada 80% hallarda bu bakteriyalar tapılır. Ümumi və yerli müqaviməti zəifləmiş orqanizmin yoluxması xaricdən, yəni hava-damcı yolu və qida ilə, yaxud da daxildən baş verir. Xarici mühit faktorlarından temperatur, rütubət, çirkli hava və digər orqanlarda olan xroniki infeksiyalar da şərait yaradan faktorlar hesab olunur. Bununla yanaşı badamcıqların travması, uşaqların konstitusional tipi və sinir sisteminin vəziyyətini də bu faktorlara aid etmək olar.

Əlamətləri

Ümumi zəiflik, boğazda qıcıqlanma, udqunmanın ağrılı olması, ağrının qonşu orqanlara yayılması, temperaturun qalxması (38-40C), baş ağrıları, iştahanın azalması, limfa vəzilərinin böyüməsi və s. xarakterik simptomlardandır. Xüsusilə uşaqlarda çeynəmənin ağrılı olması, yeməkdən imtina və ağız suyunun çoxalması kimi əlamətlər müşahidə oluna bilər. Kəskin tonzillitlərin növündən asılı olaraq xəstəlik özünü həm yüngül, həm də ağır formada göstərə bilər. Xəstəlik adətən 6-8 gün davam edir.

Müalicəsi

Əsasən belə xəstələr ev şəraitində, lakin yaxşı olar ki, təcrid olunmuş şəkildə müalicə olunsunlar. Ağır hallarda müalicə xəstəxananın infeksion şöbəsində aparılmalıdır. İlk olaraq 7-8 günlük ciddi yataq rejimi gözlənilməlidir. Buna həm xəstəliyin ağırlaşmalara səbəb olmasının qarşısını almaq, həm də onun xroniki hala keçməsini önləmək üçün əməl olunmalıdır. Dərman preparatlarından antibiotiklər (7-10 gün) və antihistamin preparatlarının kurs müalicəsi aparılır, yerli olaraq qarqara, inhalyasiya, temperatur olarsa hərarətsalıcı və ağrıkəsici dərmanlardan istifadə olunur. Əgər xəstəlik xroniki hala keçərsə və il ərzində bir neçə dəfə təkrarlanaraq xəstəyə əziyyət verərsə, tonzillektomiya əməliyyatı aparılmalıdır. Lakin bunun üçün xəstəliyin bir qədər sakitləşməsini gözləmək lazımdır. Bundan başqa, tonzillitin qabağı vaxtında alınmazsa, bir sıra ağırlaşmalara (peritonzilyar və udlaqətrafı abses və s.), hətta sepsis kimi ciddi problemlərə gətirib çıxara bilər.


Etiketlər:  Boğaz əti kəskin tonzillit Əlamətləri müalicəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ