Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsl ''amerikan demokratiyası'' budur?

Əsl ''amerikan demokratiyası'' budur?

Tarix: 11 Iyun 2022 12:34

İyunun 7-də ABŞ-da Amerika Dövlətləri Təşkilatının (ADT) demokratiya və insan haqları ilə bağlı konfransının bağlanış mərasimində qalmaqal yaşanıb.

Tədbirdə təşkilatın baş katibi Luis Almaqro çətin vəziyyətlə üzləşib. Belə ki, gənc iştirakçılardan biri onu Boliviyanın keçmiş prezidenti Evo Moralesə qarşı 2019-cu ildə dövlət çevrilişini təşviq etməkdə ittiham edib. O, qışqıraraq Luis Almaqronun sözünü kəsib və onun Boliviyada baş verən prezident impiçmentinə qarşı keçirilən etirazlarda öldürülən 36 nəfərin qətliamına görə məsuliyyət daşıdığını və "əllərinin qana bulandığını" iddia edib. Gənc adam L.Almaqronu Boliviyanın La Paz şəhərində siyasi böhranı işıqlandırarkən dünyasını dəyişən argentinalı jurnalist Sebastian Moronun qətlində də günahlandırıb. Almaqronun La Pazdakı çevrilişdə iştirakını iddia edərək onun Boliviyanın təbii sərvətlərini talamaq üçün "ABŞ-ın oyuncağı" olduğunu və Almaqronun seçilmiş prezident Nikolas Maduronun yerinə venesuelalıların böyük əksəriyyətinin tanımadığı müxalifət lideri Xuan Quaidonu ölkə prezidenti kimi tanıyaraq regionda, Venesuelada növbəti çevrilişə dəstək verdiyinə diqqət çəkib. Luis Almaqro özünü müdafiə edərək, bu ittihamların yalan olduğunu və həmin gəncin zalda olan insanlara yalan danışdığını söyləyib.

Polis həmin gənci tədbir yerindən çıxardıqdan sonra Almaqro bu "yalanları eşitməyə öyrəşdiyini" bildirərək OAS-ın Boliviya məsələsindəki hərəkətlərini müdafiə edib. O, Boliviyada keçirilən seçkilərdə OAS-ın seçki müşahidəçilərinin, seçki nəticələrinin saxtalaşdırılması faktının üzə çıxardığını yada salıb.

Qeyd etmək istərdik ki, erməni diasporu ilə sıx əlaqələri olan L.Almaqro ölkəmizə qarşı təxribatçı fəaliyyəti ilə də yadda qalıb. Belə ki, Uruqvayın xarici İşlər naziri olduğu zaman 2012-ci ildə yerli erməni icması ilə görüşdə ərazilərimizdə Ermənistan tərəfindən yaradılmış qondarma rejimin tanınması niyyətini ifadə etmiş və daha sonra 44 günlük Vətən müharibəsi zamanı ADT baş katibi qismində özünü qondarma rejimin rəhbəri kimi qələmə verən şəxsə dəstək məktubu yazaraq onu rəsmi tvitter hesabından paylaşıb.  

Əlavə olaraq bildirmək istəyirik ki, Argentina prezidenti Alberto Fernandez və Boliviya prezidenti Luis Arse tədbirə ev sahibliyi edən ABŞ-ın Kuba, Venesuela və Nikaraqua hökumətlərini qeyri-demokratik və insan haqlarını pozan hesab etdiyi üçün Sammitdən kənarlaşdırmaq qərarını pisləyiblər. Boliviya prezidenti yarımkürə toplantısına qatılmayıb. Bundan başqa Argentina prezidenti "ADT-nin Boliviyada dövlət çevrilişə şərait yaradan jandarma kimi istifadə edildiyini" vurğulayıb.


Etiketlər:  Əsl amerikan demokratiyası budur


RƏYLƏR