Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2019 14:39
Bakı. İlhamə İsabalayeva - Trend:
Bu gün Azərbaycan Milli Elmllər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.
Trend-in məlumatına görə, anım mərasimində çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva həm ictimai fəaliyyət, həm şəxsi keyfiyyətləri baxımından başqalarından fərqlənən, parlaq bir şəxsiyyət olub.
Aida İmanquliyevanın Azərbaycan Şərqşünaslıq elminin inkişafında silinməz iz qoyan alim olduğunu söyləyən G.Baxşəliyeva əlavə edib ki, 3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifi olan, elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən Aida İmanquliyeva ilk dəfə sistemli şəkildə ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənib.
İnstitut direktorunun sözlərinə görə, məhz onun tədqiqatları nəticəsində müəyyən olunub ki, yeni ərəb ədəbiyyatı Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qalıb və onlardan bəhrələnib:
“Aida İmanquliyeva çox böyük ruhla məhcər - ərəb ədəbiyyatını araşdırırdı. Bu araşdırmanı aparmaq çətin idi. Onu etmək üçün bir necə dil bilmək lazım idi. Adətən, ərəbşünaslar elə tədqiqat mövzuları götürürlər ki, onlara ərəb dili lazım olur. Amma Aida xanımın tədqiqatlarını aparmaq üçün ərəb dili ilə yanaşı, Qərb dillərini də bilmək lazım idi. Aida xanım bu işlərin öhdəsindən çox uğurla gəldi. Aida xanım əsərlər yazarkən həm Qərb ədəbiyyatından – ingilis və fransız, həm də rusdilli ədəbiyyatdan geniş istifadə edirdi. Aida İmanquliyeva rus tənqidi realizminin nümayəndələrinin - A.P.Çexovun, F.M.Dostoyevskinin, L.N.Tolstoyun, N.V.Qoqolun çox gözəl bilicisi idi. O, Belinskini demək olar ki, sətir-sətir öyrənmişdi. Belinskinin ərəb ədəbiyyatına, xüsusilə Mixail Nuamə adlı Livan yazıçısının yaradıcılığına təsirini ilk dəfə Aida xanım öyrənmişdi”.
G.Baxşəliyeva qeyd edib ki, Aida İmanquliyeva ədəbi əlaqələr sahəsində böyük tədqiqatlar aparıb:
"Sovet dövründə Şərq-Qərb ədəbiyyatının təsiri o qədər də geniş araşdırılmırdı. Sovet dövründə başqa ideologiya hökm sürürdü. Aida xanım sübit etdi ki, mədəniyyət sahəsində də Şərq-Qərb əməkdaşlığı mümkündür. Ancaq bu şərtlə ki, bu əməkdaşlıq yaradıcı olsun və milli ənənə zəminində baş versin”.
Alimin Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladan G.Baxşəliyeva əlavə edib ki, o, Azərbaycan elmini dünya səviyyəsində təmsil edə biləcək gözəl alim idi:
“O, bir çox ölkələrdə Azərbaycan elmini böyük ləyaqətlə təmsil edib, böyük uğurla elmi məruzələr edib. Onun adı Qərb mətbuatında da öz əksini tapmışdı”.
Aida İmanquliyevanı gözəl insan kimi də xarakterizə edən G.Baxşəliyeva onun hamıya örnək ola bilən azərbaycanlı xanım olduğunu da vurğulayıb:
“Aida xanım çox zəhmətkeş insan idi. O, həm də örnək ola bilən bir azərbaycanlı xanım idi. Aida xanım öz zəhməti sayəsində institutda kiçik elmi işçi vəzifəsindən direktor vəzifəsinə qədər yüksəlib. Təəssüflər olsun ki, 27 il əvvəl biz onu itirdik. Artıq 27 ildir ki, onun məzarı başına yığışırıq. Biz daim onu yad edirik. Onun itkisini biz bu gün də şəxsi itkimiz kimi qəbul edirik”.
Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda uzun müddət rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsinin hazırkı müdiri, professor, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov bu gözəl alimlə bərabər işlədiyini söyləyib.
O qeyd edib ki, Ərəb filologiyası şöbəsi Aida xanımın rəhbərliyi altında 1978-ci ildə fəaliyyətə başlayıb. Bu şöbə onun rəhbərliyi ilə çox böyük uğurlar qazanıb:
"Aida xanım çox vaxtsız dünyadan köçdü. Onun vaxtsız vəfatı həm rus, həm də Azərbaycan şərqşünasları üçün ağır bir itki idi. AMEA Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə o, elmin bu sahəsinin inkişaf etdirilməsi üçün çox böyük işlər görüb. O, yaradıcılığının demək olar ki, çiçəkləndiyi dövrdə dünyasını itirdi. Onun vəfatı ilə bizim institut çox şey itirdi. O vəfatından bir müddət əvvəl mənimlə söhbət edirdi. Onun Şərqşünaslıq İnstitutu ilə bağlı böyük planları var idi. Mənə dedi ki, xaricdən qayıdıb gələndən sonra bu planları müzakirə edərik və institutun səviyyəsini qaldırmağa çalışarıq. Amma o getdi, geri qayıdıb gəlmədi, xəstələndi, uzun müddət xəstəxanalarda müalicə olundu. Aida İmanquliyeva o zaman SSRİ-dəki ərəbşünaslar arasında çox məşhur idi. Mən deyərdim ki. Moskvanın, Sankt-Peterburqun ərəbşünas alimləri Aida İmanquliyevanın vasitəsilə Bakıya ayaq açdı. Onun vasitəsilə tanınmış ərəbşünaslar Azərbaycana gəldilər, Azərbaycan ərəbşünaslığı ilə tanış oldular”.
Aida xanımın Azərbaycan şərqşünaslığını, eləcə də ərəbşünaslığını xaricdə ləyaqətlə təmsil edən bir mütəxəssis olduğunu xüsusi vurğulayan V.Cəfərov deyib ki, Aida İmanquliyeva Qərb və Şərqin mənəvi dəyərlərini özündə birləşdirib. O, müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açıb.
Alim əlavə edib ki, Aida İmanquliyeva elmi fəaliyyətlə məşğul olmaqla yanaşı, şərqşünaslıq sahəsi üzrə milli kadrların hazırlanmasına da böyük töhfə verib:
“Аida İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq məktəbin əsasını qoydu. A.İmanquliyevanın fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib”.
Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev Aida İmanquliyevanın mənalı həyat yolundan, dünya şərqşünaslığı üçün qoyduğu zəngin elmi irsdən danışaraq onun Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin yaradılmasındakı rolundan söz açıb.
D.Vəliyev əlavə edib ki, dünyanın bir sıra ölkələrində, o cümlədən ərəb aləmində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida İmanquliyeva yeni və müasir ərəb ədəbiyyatının ən nüfuzlu tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş azsaylı mütəxəssislərdəndir.
O, Aida İmanquliyevanın parlaq bir şəxsiyyət olduğunu da söyləyib: “Aida İmanquliyeva ilə uzun müddət çiyin-çiyinə işləmək xoşbəxtliyini əldə etmişəm. O, Azərbaycan şərqşünaslığının parlaq ulduzlarından biri idi. Aida xanım hərtərəfli, həyat eşqi ilə yanan bir insan idi. Allah ona rəhmət etsin”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin