Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Rus baharı” Kremli MDB məkanından çıxarır: Rusiya “xaos diktaturası”na yaxınlaşır

“Rus baharı” Kremli MDB məkanından çıxarır: Rusiya “xaos diktaturası”na yaxınlaşır

Tarix: 21 Iyun 2022 11:14

Milli.Az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Kremlin Ukrayna savaşına başlamaqla, buraxdığı tarixi səhv Rusiyanın postsovet məkanına nəzarət coğrafiyasının daha da daralmasıyla nəticələndi... NATO-nun "təhlükəsizlik çətiri" altında gizlənən Baltikyanı bölgədən sonra Ukrayna coğrafiyası da Rusiya üçün artıq həmişəlik itirilmiş hesab oluna bilər və üstəlik, buna Cənubi Qafqaz və Orta Asiya regionları da əlavə olunmaq üzrədir...

MDB məkanında qarışıq geopolitik proseslər cərəyan edir. İndi bu məkanda baş verənlər təxminən vaxtilə "ərəb baharı" adlandırılan prosesləri xatırladı. Əsas oxşarlıq ondan ibarətdir ki, hər iki məkanda baş verənlərin birbaşa hədəfi məhz diktarorlar sayılır. Və bu baxımdan, MDB məkanında cərəyan edən prosesləri də "rus baharı" adlandırmaq mümkündür.

Onu da qeyd edək ki, "ərəb baharı"nın baş verdiyi ölkələrin bəzilərində onilliklər boyu hökmranlıq edən diktatorlar devrilmişdi. Təəssüf ki, bunun əvəzində həmin ölkələrdə sivil və demokratik idarəçilik sistemi yaranmadı. Əksinə, "ərəb baharı"nın baş verdiyi, daha doğrusu, ABŞ və Qərb tərəfindən törədildiyi ölkələr sonradan beynəlxalq terrorizmin nəzarəti altına keçdi. Və hələ də Yaxın Şərq bölgəsi "xaos diktaturası"nın hökm sürdüyü bölgə olaraq, qalmaqdadır.

Maraqlıdır ki, "ərəb baharı"nın başlandığı ilk dövrlərdə ABŞ və Qərbin növbəti hədəfinin məhz MDB məkanı olacağı barədə ehtimallar irəli sürülürdü. Hesab olunurdu ki, MDB məkanında da oxşar proseslərə start verməklə, Rusiya və bu nəhəng ölkənin ətrafında savaşla müşayiət olunan "xaos diktaturası" formalaşdırılacaq. Və hazırda bu ehtimalların doğrulmaq üzrə olduğu müşahidə edilir.

Ukrayna savaşının başlaması ilə bu proseslərə start verildiyini düşünmək üçün müəyyən əsaslar var. Belə ki, bu savaşın da məhz ABŞ və Qərbin xüsusi ssenarisi ilə başladıldığı artıq qətiyyən şübhə doğurmur. Üstəlik, savaşın başladığı, Rusiyanın Ukraynaya hücum etməklə, tarixi səhv buraxdığı 24 fevral da bahar fəslinin yaxınlaşdığı ərəfə idi. Ukrayna savaşı ilə bağlı əsas hədəfin də həm Rusiya, həm də bu nəhəng dövlətin uzun müddət hakimiyyətdə olan avtoritar prezidenti Vladimir Putin olduğu realıqdır.

Rusiya artıq bir neçə aydır ki, beynəlxalq sanksiyalara məruz qalmaqdadır. Kreml böyük sürətlə dünyadan təcrid edilir. Rusiya Ukrayna savaşında "bataqlığa" salınıb, ciddi şəkildə itkilərlə üzləşməkdədir. Və sürətlə zəifləməyə başlayıb.

Digər tərəfdən, həm Rusiya, həm də onun prezidenti V.Putin MDB məkanında da ciddi şəkildə nüfuzunu itirməkdədir. Hazırda Rusiya ətrafında mərkəzdənqaçma prosesinin başladığı da qətiyyən diqqətdən yayınmır. Hər halda, vaxtilə atdıqları az qala bütün addımları Kremllə razılaşdıran bəzi MDB dövlətləri buna qətiyyən ehtiyac duymurlar.

Postsovet məkanına daxil olan Baltikyanı ölkələr artıq Rusiyadan qorxmaq vərdişlərini bir kənara buraxıblar. Onların hər üçü hazırda Ukraynaya fəal dəstək verir. Litva isə hətta Rusiya yüklərinin öz limanlarından daşınmasına qadağa qoyub. Rusiyanın bu ölkəyə savaş açma təhdidi belə, Litva rəhbərliyini həmin qərardan imtinaya məcbur edə bilmir.

Postsovet məkanına daxil olan digər ölkə hazırda Rusiya ilə müharibə aparır. ABŞ və Qərbin fəal hərbi-siyasi dəstəyi ilə Rusiyanın savaş meydanında məğlub edilməsinə, daha da zəiflədilməsinə cəhd göztərir. Rəsmi Kiyev Ukraynanın beynəlxalq hüquqla tanınan əraziləri Rusiya işğalından tamamilə azad edilənə qədər sülh danışıqlarına başlamayacağını vurğulayır.

Rusiya hətta öz hərbi müttəfiqlərinə təsir mexanizmlərini belə, itirmək üzrədir. Belə ki, hazırda Kreml üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) hərbi müttəfiqlərin Ukrayna savaşında Rusiyanın yanında yer alması, hətta heç olmasa, siyasi dəstək verməsi olduqca vacibdir. Ancaq Belarus istisna olmaqla, KTMT-ya üzv dövlətlər Rusiyanın Ukrayna ilə savaşına hər hansı formada müdaxilə etməyə həvəs göstərmir.

Əksinə bəzi KTMT dövlətləri, xüsusilə də Qazaxıstan Rusiyaya qarşı beynəlxalq sanksiyalara riayət edəcəyini bəyan edib. Kremlin Qazaxıstan üzərindən sanksiyalardan yayınmaq cəhdlərinə imkan verməyəcəyini birmənalı şəkildə vurğulayıb. Və rəsmi Astana Ukraynanın ərazi bütövlüyünü tanıdığını, dəstəklədiyini hər imkanda vurğulamaqla, Kremlin işğal siyasətinə qarşı çıxdığını qətiyyən gizlətmir.

Üstəlik, bu ölkənin prezidenti Kasum-Comərd Tokayev Kreml sahibi Vladimir Putinlə qarşı-qarşıya olduğu Sank-Peterburq beynəlxalq iqtisadi forumunda Donbasdakı separatçı "DXR" və "LXR", eləsə də Rusiyanın dəstəklədiyi digər separatizm bölgələrinin - Dnestryanı, Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini Qazaxıstanın heç bir halda, tanımayacağını bəyan edib. Prezident Kasum-Comərd Tokayevin Kreml sahibinin üzünə baxaraq, bu mövqeyini bəyan etməsi Rusiyanın və onun liderinin nüfuzuna sarsıdıcı zərbə hesab olunur. Və Rusiyanın MDB məkanına nəzarət etməkdə artıq çətinlik çəkdiyinin real əlaməti olaraq, dəyərləndirilir.

Təbii ki, belə vəziyyətə qətiyyən vərdişli olmayan Kreml, Qazaxıstan prezidentinin bu nümayişkaranə cəsarətindən ciddi şəkildə qıcıqlanıb. Hətta Rusiya Qazaxıstan neftinin Novarossoysk marşrutu ilə nəqlinin dayandırılması barədə qərar da verib. Ancaq Kremlin bu qərarı hazırda vəziyyətə qətiyyən adekvat deyil və çıxış yolu təsiri bağışlamır.

Çünki, belə addımlar Qazaxıstanı ümuniyyətlə, Rusiyanın hələlik hegemon sayıldığı MDB məkanından qoparıb, birdəfəlik Qərbə doğru yönləndirə bilər. Hər halda, rəsmi Astana artıq Qazaxıstan neftinin dünya bazarlarına nəqli üçün alternativ marşrutların axtarılmasına başlayıb. Və belə alternativ marşrutların Qazaxıstanın milli maraqları baxımından, yaxın perspektivdə daha faydalı ola biləcəyi isə şübhə doğurmur.

Göründüyü kimi, vaxtilə Baltikyanı ölkələrin NATO-nun "təhlükəsizlik çətiri" altına sığınmasından sonra Rusiya postsovet məkanına nəzarət coğrafiyası daralmışdı. İndisə, Ukrayna savaşı Kreml üçün bu coğrafiyanı daha da məhdudlaşdırır. Yəni, Rusiya üçün Ukrayna coğrafiyası da artıq həmişəlik itirilmiş hesab oluna bilər. Buna üstəlik, Cənubi Qafqaz və Orta Asiya regionları da əlavə olunmaq üzrədir.

Belə anlaşılır ki, MDB məkanında əsl "rus baharı" yaşanır. Rusiya bu məkana nəzarəti böyük sürətlə itirməyə başlayıb. Növbəti mərhələdə bu prosesin Rusiyanın daxilinə sıçraya biləcəyi də qətiyyən istisna deyil. Əgər, bu ehtimal da doğrulmağa başlayarsa, onda Kreml üçün "rus baharı" Rusiya daxilində əsl "xaos diktaturası"na çevrilə bilər.

Milli.Az


Etiketlər:  Rus baharı Kremli MDB məkanından çıxarır Rusiya xaos diktaturasına yaxınlaşır


RƏYLƏR