Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Minatəmizləmə sahəsində Avropada keçirilən görüşlərin nəticələri açıqlandı

Minatəmizləmə sahəsində Avropada keçirilən görüşlərin nəticələri açıqlandı

Tarix: 24 Iyun 2022 18:24

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) - Samir Poladov, Azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi - Sultan Hacıyev, Xarici İşlər Nazirliyi - Cəfər Hüseynzadə və Vüqar Qurbanovun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin 2022-ci ilin 20-24 iyun tarixlərində Belçika Krallığı və İsveçrəyə işgüzar səfəri təşkil olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Avropa İttifaqının bir sıra qurumları və Avropa İttifaqına üzv dövlətlərin nümayəndələri, Belçika Krallığı və İsveçrənin rəsmiləri, NATO və BMT-nin aidiyyəti qurumları ilə silsilə görüşləri keçirilib.

ANAMA-dan bildirilib ki, görüşlərin başlıca məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan humanitar mina problemi və onun bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, ölkədə minatəmizləmə sahəsində aparılan genişmiqyaslı fəaliyyət, qarşıda duran hədəflər barədə məlumat vermək, mövcud və gələcək əməkdaşlıq imkanlarına dair müzakirələr aparmaqdan ibarət olub.

Avropa İttifaqının institutları və Aİ üzv dövlətlərinin nümayəndələri ilə keçirilmiş görüşlərdə Azərbaycanda minatəmizləmə probleminin ciddiliyi və təxirəsalınmaz işlərin görülməsinin vacibliyi vurğulanıb. Görüşlərdə mina və partlamamış hərbi sursatlarla kütləvi şəkildə çirklənmiş ərazilərin təmizlənməsi orada aparılan yenidənqurma və bərpa işləri, regionda sabitlik və davamlı sülhün təmini prizmasından qiymətləndirilib, beynəlxalq resursların cəlb olunmasının önəmi və əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Nümayəndə heyəti Brüsseldə yerləşən "Sustainable Value Hub" platformasının təşkilatçılığı ilə Avropa Parlamentində "Avropa İttifaqı qonşuluğunda minalarla mübarizə: Artan təhdidlər və gücləndirilmiş əməkdaşlığa ehtiyac" mövzusunda keçirilmiş tədbirdə iştirak edib. ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov tədbirdə təqdimatla çıxış edərək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud mina problemi, onun təsirləri, mina qurbanları, Azərbaycan hökuməti tərəfindən görülən işlər, məsələ üzrə beynəlxalq əməkdaşlıq və dəstəyin əhəmiyyəti barədə iştirakçıları məlumatlandırıb.

Səfər çərçivəsində NATO-nun aidiyyəti qurumları ilə keçirilən görüşlər zamanı ANAMA ilə uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Azərbaycanın mina və partlamamış hərbi sursatların təmizlənməsi sahəsində fəallığı və təcrübəsi təqdir olunaraq, bu xüsusda əməkdaşlığın davam etdirilməsinə maraq ifadə edilib. Görüşlər zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra üz-üzə qaldığı ciddi mina təhdidi və bu təhdidə beynəlxalq ictimaiyyət tərəfindən yetərli diqqət ayrılmasının zəruriliyi və önəmi vurğulanıb.

Nümayəndə heyəti səfər zamanı Cenevrədə keçirilmiş Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatların toplanılması, istehsalı, ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Ottava Konvensiyasının sessiyalararası iclasında, habelə BMT nin Mina Təmizləmə Xidməti (UNMAS) tərəfindən təşkil edilmiş Milli Mina Təmizləmə Agentliklərinin rəhbərlərinin və BMT müşavirlərinin 25-ci Beynəlxalq iclasında iştirak və çıxış edib. Tədbirlərə Azərbaycanın minatəmizləmə sahəsində fəaliyyət göstərən yerli podratçı şirkətlərinin nümayəndələri də qatılıb. Cenevrə səfəri çərçivəsində nümayəndə heyətinin BMT-nin aidiyyəti qurumları və üzv dövlətlərin nümayəndə heyətləri ilə görüşləri keçirilib, Azərbaycanın mina problemi barədə ətraflı məlumat verilib, mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Milli.Az


Etiketlər:  Minatəmizləmə sahəsində Avropada keçirilən görüşlərin nəticələri açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ