Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2022 08:54
Kanada hökuməti humanitar və digər ehtiyaclar üçün Ukraynaya daha 151,7 milyon Kanada dolları (təxminən 118 milon ABŞ dolları) ayıracaq.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Şimali Amerika ölkəsinin Baş naziri Castin Trüdonun Almaniyada keçirilən G7 sammitinin yekunlarına görə yayılan mətbuat xidmətinin bəyanatında deyilir.
"Baş nazir Trüdo Ukraynada sülh və təhlükəsizliyi dəstəkləmək üçün yeni humanitar yardımın göstərilməsi üçün 151,7 milyon Kanada dolları ayrıldığını açıqlayıb", - sənəddə deyilir.
Bu məbləğin 75 milyon Kanada dolları (təxminən 58 milyon ABŞ dolları) birbaşa ərzaq, tibbi ləvazimat və müvəqqəti sığınacaqların alınmasına yönəldiləcək. 15 milyon Kanada dolları (11,6 milyon ABŞ dolları) Ukrayna ərazisinin minalardan təmizlənməsi proqramlarına yönəldiləcək.
Bundan əlavə, Castin Trüdo qeyd edib ki, rəsmi Ottavanın əvvəllər Kiyevə yardım üçün ayırdığı 73 milyon Kanada dolları (56,7 milyon ABŞ dolları) Ukrayna və onun qonşu dövlətlərində humanitar böhranın aradan qaldırılması üçün tədbirlərə yönəldiləcək.