Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 14:39
Sonxeber.net xəbər verir ki, moderator.az-ın yazısı "Dəli kür" filmi haqdadır. Film İsmayıl Şıxlının eyniadlı romanı əsası 1969-cu ildə rejissor Hüseyn Seyidzadə tərəfindən çəkilib. Filmdə əsas obrazları Ələddin Abbasov, Leyla Bədirbəyli, Zemfira Sadıqova, Vladislav Kovalkov və başqaları oynayıb.
Mələk obrazının ifaçısı, əməkdar artist Zemfira Sadıqova filmə dəvət aldığı illəri belə xatırlayır.
"Hər bir sənətkarın oynadığı bir obraz var ki, tamaşaçılar onu həmin obrazla tanıyır. "Dəli kür" mənim cavanlıq illərimdə çəkildiyim 3-cü film idi. Məşhur oldu, insanlar sevdilər. Mənim üçün Mələk obrazı çox maraqlı idi, məmnuniyyətlə də onu oynadım. Kəsilən yerləri də var, filmə daxil olan yerləri də. Hüseyn Seyidzadə mənim iri planlarımı filmə daxil etmədi, lakin Ədil İskəndərovun sayəsində bir neçə iri plan kadrım filmə daxil edildi. Bu filmi tamaşaçılar çox sevir. Hüseyn Seyidzadə məni çəkməyinə peşman idi, ona görə də deyirdi ki, "eşitmişəm sən açıq-saçıq filmlərə çəkilməzsən, Yusif icazə verməz" Dedim, "Yusif həyat yoldaşımdır, mən isə aktrisayam. Əgər siz məni dəvət etmisinizsə, nə lazımdır, necə lazımdırsa, elə də çəkiləcəyəm. Sonralar da mənə qabiliyyətsiz damğası vurmuşdular. Mənim qabiliyyətli və qabiliyyətsiz olmağımı filmlərim göstərdi" deyə aktrisa bildirib.
Zemfira Sadıqova deyir ki, filmdə həyat yoldaşı Yusif Vəliyev də çəkilib. Lakin onun çəkildiyi kadrlar filmdən çıxarılıb.
"Filmdə köç yeri var, ata minirəm, atla gedirəm, köç edirik. Həmin görüntülər kəsilib. Bir neçə səhnəm də var ki, o da filmə düşməyib. Ən əsası da Yusif Vəliyevin çəkildiyi son səhnə. Filmin sonunda Cahandarı öldürürlər. Moskva icazə verməmişdi, guya Cahandarı rus yox, müsəlmanlar öldürüb. Filmdə bir səhnə var ki, Leyla Bədirbəyli mənə sillə vurur. Sözün düzü gözləmirdim, çünki məşq edəndə belə möhkəm sillə vurmurdu. Çəkiliş vaxtı mənə elə bir sillə vurdu ki, bir anlıq sözlərim yaddan çıxdı. Məəttəl qaldım. Mən gözləyirdim ki, Leyla Bədirbəyli gəlib məndən üzr istəyəcək, deyəcək ki, "bağışlar". Çünki çox möhkəm vurmuşdu, bütün gücü ilə. Amma o da üzr istəmədi, fikirləşib ki, cavandır da, çəkilir hələ Allahına şükür etsin" deyə o bildirib.
Aktrisa yaşadığı çətinliklərdən də danışıb.
"Yusif Vəliyev mənim ailədə həyat yoldaşım, dostum, dayağım idi. Obrazları sərt olsa da, mülayim xasiyyəti də var idi. İnsandır da, qısqanırdı da, hirslənirdi də. Mənim ən böyük dərdim, qəmim oğlumum rəhmətə getməsidir. Oğlum pandemiyada xəstə düşdü. Onu xilas edə bilmədik. Ana üçün bundan böyük faciə ola bilər? Allah heç bir anaya göstərməsin. Düşünürəm ki, yeni filmlər çəkilsə mən də o filmlərdə çəkilmək istərəm. Sənətkar işsiz heç nədir. Onun işi olanda yaşayır" deyə aktrisa bildirib.