Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2022 21:00
Kanadada fəaliyyət göstərən İctimai Siyasət üzrə Tədqiqatlar İnstitutunun "Policy Options" nəşrində "Kanadanın obyektiv rolu və dürüst vasitəçiliyi münaqişədən təsirlənən ölkələrdə əsas rol oynayır" sərlövhəli məqalə dərc olunub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu ölkədə fəaliyyət göstərən Azərbaycanlı Kanadalılar Şəbəkəsinin idarə heyətinin sədri Anar Cahangirlinin müəllifi olduğu yazıda erməni Vrouyr Makalyanın Qarabağ məsələsi ilə bağlı bir müddət əvvəl həmin nəşrdə dərc etdirdiyi məqalədə yer alan əsassız fikirlərinə tutarlı arqumentlərlə cavab verilib.
"Müxtəlif maraq qruplarının Kanadanın siyasətində bu və ya digər tərəfə üstünlük verilməsi ilə bağlı cəhdləri bu ölkənin qlobal mövqeyinə zərər verir" fikrinin xüsusi vurğulandığı yazıda bu yaxınlarda "Policy Options" nəşrində dərc olunmuş "Ermənistan üçün təkan və beynəlxalq ədalət" sərlövhəli məqalədə Kanadadan etnik ermənilərin çoxluq təşkil etmələrinə baxmayaraq, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ bölgəsi ilə bağlı mübahisələrdə Ermənistanın mövqeyinin müdafiə edilməsinin tələb olunduğu bildirilib. Qeyd olunub ki, Ermənistan təxminən 30 il əvvəl bu bölgəni işğal etdi və bunu oradakı etnik "qardaşlarını" guya qorumaqla əsaslandırmağa çalışdı.
Bildirilib ki, Makalyanın məqaləsində qeyd olunan hadisələr uzun müddət davam edən münaqişədən məxsusi seçilmiş hissələrdir və əsasən Azərbaycanın qəti qələbəsi, ərazi bütövlüyünün bərpası ilə başa çatan 2020-ci ildəki qısamüddətli ikinci müharibədən sonrakı dövrə istinad edir. Həmin məqalədə ikinci müharibəyə səbəb olan və Ermənistanın təxminən otuz il ərzində Azərbaycanın suveren ərazisindən çıxmaqdan imtina etməsindən bəhs olunmur. Halbuki Ermənistanın işğalı BMT Təhlükəsizlik Şurası və bir çox ölkələr tərəfindən dəfələrlə pislənib. 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalı Qarabağda 700 min azərbaycanlının qovulmasına səbəb oldu.
Qeyd olunub ki, Vrouyr Makalyan məqaləsində Kanada hökumətini Azərbaycanın bir sıra yüksək dövlət və hökumət rəsmilərinə qarşı sanksiyaların tətbiqini və digər tədbirləri nəzərdən keçirməyə çağırır. Lakin onun 2020-ci ildəki müharibə və Azərbaycanın nəzarətində olan erməni əsirlərin hüquqlarının pozulması ilə bağlı arqumentləri bir-birini təkzib edir. Belə ki, əvvəla Azərbaycan Prezidenti İlham Əliyev çoxmillətli və çoxkonfessiyalı ölkədə bütün digər etnik qruplar kimi, ermənilərin də hüquqlarının qorunacağını dəfələrlə bəyan edib.
İkincisi, Makalyan birinci müharibə və ya Ermənistanın 30 ilə yaxın davam edən işğalı zamanı, o cümlədən 1992-ci ildə Xocalı şəhərində 613 azərbaycanlının qətlə yetirilməsi kimi hərbi cinayətlər törətmiş ermənilərə qarşı oxşar sanksiyaların tətbiq olunmasını tələb etməyib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan müdafiə naziri olduğu dövrdə açıq şəkildə demişdi: "Xocalıya qədər azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin dinc əhaliyə əl qaldıra bilməyən adamlar olduğunu düşünürdülər. Bütün bunlara son qoymalı idik. Belə də oldu". Hansı ki, Kanada hökuməti bunu rəsmi olaraq həm qətliam, həm də "dəhşətli faciə" adlandırıb.
Anar Cahangirli, həmçinin erməni hərbi əsir və diversantlarla bağlı cəfəng fikirlərlə bağlı qeyd edib ki, Makalyan hərbi əsirlərin dəyişdirilməsindən söz açmır. Azərbaycanda hələ də saxlanılan şəxslər İkinci Qarabağ müharibəsinə son qoyan Üçtərəfli Bəyanata zidd olaraq, 2020-ci ilin dekabrında Azərbaycan sərhədini keçməkdə ittiham olunurlar. Həmçinin qeyd etmək lazımdır ki, 4 mindən çox azərbaycanlı 1990-cı illərdəki müharibədən bəri itkin düşmüş sayılır. Ermənistan onların harada olması barədə hələ də məlumat verməyib.
"Kanadanın roluna gəldikdə, burada da fərqli fikirlər söyləməyi xahiş edirəm. Makalyanın Ottavanın məsələyə müdaxiləsini görmə yolları regionda sülhün bərqərar olmasına heç bir ciddi təsir göstərməyəcək və Kanadanın beynəlxalq hüququn güclü tərəfdarı, eləcə də qlobal miqyasda vicdanlı və dürüst vasitəçi kimi ənənəvi roluna zidd olacaq. Bu gün Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunub və həm Azərbaycan, həm də Ermənistan sərhədlərin tezliklə delimitasiyası və demarkasiyasına dair sazişlərin imzalanmasına sadiq olduqlarını bəyan ediblər. Regionda iqtisadi inkişaf və əməkdaşlığın perspektivləri çox böyükdür.
Sülhü dəstəkləmək Kanada dəyərlərinə sadiq qalmağın yeganə yoludur. Odur ki, Kanada Azərbaycana işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsində, dağıdılmış şəhər və kəndlərin bərpasında, Ermənistana isə ağır iqtisadi vəziyyətdən çıxmaqda dəstək verməlidir. Ottava bu yaxınlarda Ermənistanda səfirlik açacağını elan etməklə bu istiqamətdə ilk addımı atıb. Kanada hökuməti də Azərbaycana münasibətdə bunu etməli və Bakıda da diplomatik nümayəndəlik açmalıdır. Bu, Kanadanın həm Azərbaycanı, həm də Ermənistanı dinləməklə regionda uzunmüddətli sülhün və inkişafın bərqərar olmasına müsbət töhfə verməsini təmin edəcək", - deyə məqalədə xüsusi vurğulanıb.
Həmçinin qeyd olunub ki, müxtəlif maraq qruplarının Kanadanın siyasətini hər hansı münaqişədə bu və ya digər tərəfin xeyrinə olacaq istiqamətdə dəyişmək cəhdləri bu ölkənin mövqeyinə ziyan vurur. Ölkədə hərdən diasporun təsirinə məruz qalan siyasət və havadarlığı nəzərə alsaq, bu, real riskdir.