Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İçərişəhər” Dövlət Qoruğundan müraciət

“İçərişəhər” Dövlət Qoruğundan müraciət

Tarix: 22 Iyul 2022 20:45

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ictimaiyyətə müraciət edib.

Müraciətdə tarixi məkanın və tarixi abidələrin qorunması və əhalinin diqqəti məsələsi vurğulanıb:

"İçərişəhər və Qala Qoruğu kimi tanınan məkan Bakının və bütövlükdə ölkəmizin ən dəyərli incisi, eyni zamanda tarixi memarlıq abidələrinin mühafizə olunduğu qoruqdur. İçərişəhər və Qala Qoruğu müxtəlif mədəniyyətlərin, dini inancların, təzadların ahəngdarlıqla qovuşaraq mükəmməl harmoniya yaratdığı əfsanəvi məkan olmaqla yanaşı qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan xalqının milli sərvətidir.

Ölkəmizin orta əsrlərdə yüksək inkişaf etmiş şəhərsalma sənətinin misilsiz yadigarı olan bu unikal məkanlardakı dünya, ölkə və yerli əhəmiyyətli memarlıq və tarixi abidələr Azərbaycan memarlığının parlaq nümunələridir və Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə bu abidələri qorumaq hər bir şəxsin borcudur. Əsirlər sınağından keçmiş mədəni irsimizin bu günə qədər qorunub saxlanılması dövlətin siyasəti, cəmiyyətin mədəni irsimizə münasibəti və hər bir fərdin məsuliyyəti sayəsində baş vermişdir.

Lakin təəssüflə qeyd etməliyik ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən aparılan monitorinq zamanı bəzən xoşagəlməz hallar müəyyən edilir. Qeyd olunan tarixi abidələrin bədii-estetik görünüşünü pozan vandalizm aktları ilə bağlı daima hüquq mühafizə orqanları ilə əməkdaşlıq edilir. Hüquq mühafizə orqanları ilə bu sahədə edilən əməkdaşlıq hər zaman öz töhvəsini verir. Məlumat üçün bildiririk ki, tarixi abidələrə qarşı yol verilən hüquqazidd əməllər məsuliyyət yaradır və Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinə, eyni zamanda Cinayət məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmağa əsasdır. Lakin zərər vuraraq cəza almaqdan fərqli olaraq mədəni irsimizə hörmətlə yanaşıb onu qorumaq hər bir vətəndaşın məsuliyyəti və borcudur.

Hörmətli həmvətənlər, tarixi-mədəni abidələrin qorunması hər bir kəsdən aslıdır! Mədəni irsi gələcək nəsil üçün qorumaq hər birimizin mənəvi borcu və məsuliyyətidir. Tariximizi birlikdə qoruyaq!"


Etiketlər:  İçərişəhər Dövlət Qoruğundan müraciət


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ