Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əliyev erməni separatçıların “ipini” çəkir: Araik həbsdən qorxdu, “siyasət”dən gedir

Əliyev erməni separatçıların “ipini” çəkir: Araik həbsdən qorxdu, “siyasət”dən gedir

Tarix: 27 Iyul 2022 10:51

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşdə erməni separatçıların gələcək taleyinin birdəfəlik həll olunacağı bildirilir... İddialara görə, rəsmi Bakı Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasından dərhal sonra Araik Arutyunyan və onun separatçı ətrafının da Xankəndini tərk etməsində israrlıdır...

Sonxeber.net yeni müsavat-a istinadla xəbər verir ki, Cənubi Qafqaz ətrafında cərəyan edəb geopolitik proseslərin intensivləşdiyi müşahidə olunur. Bu regionda xüsusi maraqları olan dünya nəhənglərinin də ciddi şəkildə fəallaşdığı qətiyyən diqqətdən yayınmır. Xüsusilə də, ABŞ və Qərbin Cənubi Qafqazda Rusiya ilə həlledici rəqabətə başladığı artıq inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, ABŞ və Qərb Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən tamamilə çıxartmaq niyyətində olduqca israrlı görünür. Ona görə də, Ağ Evdə və Brüsseldə belə qənaətə gəliblər ki, bu regionun Rusiyanın əlindən alınması Cənubi Qafqazdakı münaqişələrin həll edilməsindən asılıdır. Ancaq buna nail olmaq üçün ilk növbədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini Rusiyanın nəzarətindən çıxartmaq lazımdır.

Çünki, bu prosesə Kreml vasitəçilik edərək, nəzarəti öz əlində saxladıqca, Rusiya nizamlanma prosesini pozur, regionda sülh mərhələsinin qarşısını almaqla, Cənubi Qafqazda öz mövcudluğunu qoruya bilir. ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana telefon zəngindən sonra verilən açıqlamalar da məhz Ağ Evin yeni Cənubi Qafqaz siyasətinin məzmunu barədə təsəvvürləri aydınlaşdırır. Və Cənubi Qafqazın son vaxtlar ABŞ üçün əhəmiyyətinin ciddi şəkildə artdığına əminlik yaradır.

ABŞ dövlət katibi telefon danışıqlarında Ağ Evin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini, eləcə də ikitərəfli, birbaşa təmasları dəstəklədiyini vurğulayıb. Eyni zamanda, Ağ Ev rəsmisi ABŞ-ın Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsində, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlı olduğunu bildirib. Və bütün bunlar Ağ Evin Cənubi Qafqaz hədəflərini müəyyən etməyə imkan verir.

Belə anlaşılır ki, ABŞ regionda sülh və iqtisadi inkişaf layihələrində maraqlıdır. Çünki məhz bu variantda Cənubi Qafqazda Rusiyanın sıxışdırılması mümkün ola bilər. Rusiyanın regiondan çıxarılmasından sonrasa, ABŞ və Qərbin Cənubi Qafqaza maliyyə-iqtisadi mexanizmlər üzərindən yerləşməsi o qədər də böyük çətinlik yaratmaz.

Maraqlıdır ki, bəzi məlumatlara görə, hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüşün keçirilməsi istiqamətində danışıqlar aparılır. Böyük ehtimalla belə bir görüşün keçirilməsinə olduqca ciddi ehtiyac yaranıb. Çünki, ABŞ və Qərb regionda sülh istəsə də, Ermənistanın Rusiyanın təhrikləri ilə bu prosesi ləngitməsi hazırda əsas geopolitik problem hesab olunur.

Təbii ki, rəsmi Bakı da Rusiyanın himayəsinə güvənən Ermənistanın pozucu təxribatlarına artıq səbr göstərmək istəmir. Ona görə də, Prezident İlham Əliyev bir müddət öncə Ermənistandan öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxartmağı tələb etdi. Əks halda, Azərbaycan ordusunun bu problemi birtərəfli qaydada həll etməli olacağının açıq mesajını verdi. Eyni zamanda, Rusiya sülhməramlılarının da Ermənistana aid silahlı dəstələrin çıxarılması ilə bağlı vədləri yerinə yetirmədiyini vurğuladı.

Təbii ki, Azərbaycan liderinin son və sərt xəbərdarlığı Ermənistanda ciddi narahatlıqla qarşılandı. Çünki, rəsmi İrəvan Azərbaycan ordusunun yenidən hərbi əməliyyatlara başlamasının Ermənistan üçün fəlakətlə nəticələnəcəyini hamıdan yaxşı bilir. Ona görə də, Paşinyan hakimiyyəti dərhal bəyan etdi ki, Ermənistan silahlı birləşmələri sentyabr ayına qədər Azərbaycanın Xankəndi ətraf bölgəsindən çıxarılacaq.

Onu da qeyd edək ki, rəsmi Bakının yalnız bununla kifayətlənəcəyi qətiyyən inandırıcı deyil. Belə ki, rəsmi Bakı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Xankəndi və ətraf bölgənin Azərbaycana inteqrasiya prosesini mümkün qədər sürətləndirməkdə israrlıdır. Bunun üçün isə erməni separatçıların rəhbəri Araik Arutyunyan və onun yaxın ətrafının Azərbaycan ərazisindən çıxarılması vacibdir.

Əslində, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutarsa, erməni separatçıların gələcək taleyi ilə bağlı məsələnin də müzakirə ediləcəyi qətiyyən şübhə doğurmur. Belə ki, Ermənistan cəmiyyətində Xankəndi və ətraf bölgənin Azərbaycanın tərkib hissəsi kimi qalacağına artıq əmin olmağa başlayıblar.

Erməni diasporunun bəzi təmsilçiləri ABŞ və Qərbin "artsaxın" Azərbaycanın suverenliyi altında qalmasının qaçılmaz olduğu ilə barışdığını vurğulayırlar. Onların dediyinə görə, indiki halda, yalnız hansısa formada "statusa" nail olunmasına ümid bəsləmək mümkündür. Halbuki, Paşinyan hakimiyyətini "artsaxı" Azərbaycana təhvil verməkdə suçlayan revanşist erməni müxalifəti ABŞ və Qərbin leksikonundan "Dağlıq Qarabağ" ifadəsinin tamamilə çıxarıldığını vurğulayırlar.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçıların sonuna o qədər də çox qalmayıb. Tezliklə Araik Arutyunyan və onun terrorçu-separatçı dəstəsi Azərbaycan ərazilərini tərk etmək məcburiyyətində qalacaq. Əks halda, rəsmi Bakı həm A.Arutyunyanı, həm də digər terrorçu-separatçıları həbs etmək barədə qərarını reallaşdırmalı olcaq.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Maraqlıdır ki, Araik Arutyunyan və onun separatçı yaxın ətrafı yaxınlaşan təhlükəni hiss etməyə, ciddiyə almağa başlayıblar. Onların Xankəndi və ətraf bölgədən çıxmaq üçün uyğun variantlar üzərində düşündükləri barədə də məlumatlar var. Və bu məlumatlar artıq Ermənistan KİV-lərində gündəm mövzusuna çevrilib.

Ermənistanın "Past" nəşrinin iddiasına görə, Araik Arutyunyan artıq "siyasət"dən getmək barədə qərar verib. Onun bu barədə özünün separatçı yaxın ətrafına artıq məlumat verdiyi də bildirilir. İddia olunur ki, A.Arutyunyan "siyasət"dən, daha doğrusu, Xankəndi və ətraf bölgədən getməsi barədə bu ilin sonuna qədər məlumat yaymaq niyyətindədir.

Ancaq Ermənistan KİV-ləri onun yerini kimin tutacağı barədə hələlik məlumatın olmadığını da vurğulayırlar. Yəqin ki, belə bir məlumat heç vaxt olmayacaq. Çünki, rəsmi Bakı, Azərbaycanın tərkib hissəsi olan Xankəndi və ətraf bölgəsində hansısa separatçının başqa bir separatçı ilə əvəzlənməsinə heç bir halda, imkan verməz. Böyük ehtimalla başqa separatçı erməni də, A.Arutyanın qaçdığı bölgəyə gələrək, özünü Azərbaycanın xüsusi təyinatlıları tərəfindən həbs edilmə təhlükəsi qarşısında qoymaz.

Göründüyü kimi, 30 ilə yaxın davam etmiş erməni separatizminin sonu çatmaq üzrədir. Çünki, erməni separatizmi artıq beynəlxalq himayədarlarını da itirməyə başlayıb. İndi erməni separatizmi ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqları qarşısında da ciddi problemə çevrilib. Azərbaycan isə bu problemi birdəfəlik həll etmək üçün qətiyyətli və sərt addımlar atmağa hazırdır.


Etiketlər:  Əliyev erməni separatçıların ipini çəkir Araik həbsdən qorxdu siyasətdən gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ