Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 22:48
Latviya sakinləri ölkənin Müdafiə Nazirliyinin və "Ziedot.lv" xeyriyyə təşkilatının dəstəyi ilə Ukraynaya verilməsi məqsədilə Türkiyədən "Bayraktar TB2" döyüş pilotsuz uçuş aparatının alınması üçün vəsait toplamağa başlayıblar.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Latviyanın radio və televiziya portalı məlumat yayıb.
Xeyriyyə təşkilatının rəhbəri Ruta Dimante bildirib ki, onlar konkret ehtiyaclar üçün ianə toplamaq məqsədilə Ukraynanın fikrinə qulaq asıblar.
"Böyük məbləğdə ianə verməyə ehtiyac yoxdur. Biz çoxuq - ölkəmizdə təxminən 700-800 min əmək qabiliyyətli insan var. Hər kəs 5 və ya 10 avro ianə versə, məqsədə çox tez çata bilərik", - o deyib. R.Dimante bir pilotsuz uçuş aparatının hərbi əməliyyatların nəticəsini həll edə bilməyəcəyini, lakin bu yolla Ukraynaya dəstək olduqlarını göstərəcəklərini, həmin ölkənin də bunu hiss edəcəyini vurğulayıb.
Qeyd olunur ki, təşəbbüsün müəllifləri latviyalı musiqiçi Ralf Eylands və ukraynalı jurnalist Volodimir Biryukovdur.