Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni lobbisi Avropada qisas kampaniyasına başlayıb - Azərbaycan qazından imtina edin...

Erməni lobbisi Avropada qisas kampaniyasına başlayıb - Azərbaycan qazından imtina edin...

Tarix: 16 Sentyabr 2022 10:30

Elşad Həsənov: "Həmin deputatlar qaz alışının baykot edilməsi ilə bağlı çağrış etsələr də, onlara məhəl qoyan olmayacaq"

Ermənistanın 13 sentyabr təxribatından sonra xaricdəki erməni lobbisi öz geniş əlaqələrindən istifadə edərək Azərbaycana qarşı qaralama kampaniyasına start verib. Düşmənə endirilən ağır zərbələrdən sonra erməni lobbisi Azərbaycandan bu yolla qisas almaq istəyir. ABŞ Konqresinin bir sıra üzvləri, Avropa Parlamentinin müəyyən deputatları Azərbaycana qarşı çağrışları artırıb.

Bu arada Avropa Parlamentinin bir sıra üzvləri Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyenə müraciət edərək qurum ölkələrini Azərbaycandan qaz almamağa çağırıblar. Bu məsələdə Avroparlamentin Fransadan olan deputatlar xüsusi canfəşanlıq göstərib. O cümlədən, Bolqarıstanı təmsil edən bəzi deputatlar da buna qoşulub. Bununla bağlı müraciətdə deyilir: "Biz imkan verə bilmərik ki, Avropa Azərbaycandan qaz idxal etsin və daha bir cinayətkar rejimdən asılı olsun. Ümid edirəm ki, biz hamımız Azərbaycanın Ermənistana qarşı təcavüzünə qarşı çıxacağıq. Aİ-nin etdiyi kimi, qaz maraqları naminə dost Ermənistan xalqını dəstəkləməkdən çəkinmək xəyanətdir. İnsanların öldürülməsini dayandırmaq üçün mümkün olan hər şeyi etməliyik. Avropa İttifaqı vasitəçi rolunu öz üzərinə götürməlidir".

"Ən azından ona görə ki, Azərbaycan Avropa İttifaqı üçün təkcə qaz mənbəyi deyil"

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən siyasi ekspert Elşad Həsənovun fikrincə, erməni lobbisindən bəslənən bəzi deputatlar bu cür çağırışlarla öz məqsədlərinə çata bilməyəcəklər: "Əvvəla, Ermənistan sentyabrın 13-də Azərbaycana qarşı genişmiqyaslı təxribata əl atıb. Nəticədə 71 əsgərimiz şəhd olub. Düşmənə endirilən əks-zərbələr nəticəsində 200-ə qədər erməni əsgəri məhv edilib. Sentyabrın 14-də tərəflər arasında atəşkəs elan olunsa da, Ermənistan yenidən provokasiyalara əl atıb. Son təxribatlarda da Ermənistanın hərbi nöqtələri şəxsi heyətlə birlikdə məhv edildi. Azərbaycan Ordusu bir daha ermənilərə sübut etdi ki, vətənimizə və Azərbaycan əsgərinə qarşı edilən hər bir hərəkət layiqli cavabını alacaq. Ermənilərin son günlər sərhəddə törətdikləri təxribatlar delimitasiya prosesi və sülh müqaviləsinin imzalanmasını yubatmağa hesablanıb. 31 avqustda keçirilən Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi gözlənilirdi. Ancaq erməni lobbisi və Ermənistandakı revanşistlər sülh sazişi imzalamaq istəmir. Təxribatlar törədilməsi Ermənistanın sülh müqaviləsini bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyil. Çünki hətta Paşinyan sülh sazişi ilə bağlı vəd versə də, sonra sözünü geri götürdü. Avropa Parlamentində bəzi deputatlar Azərbaycandan qaz alışının baykot edilməsi ilə bağlı çağrış etsələr də, onlara məhəl qoyan olmayacaq. Əksinə, Avropa İttifaqı ölkəmizdən qaz idxalına daha ciddi yanaşacaq. Çünki Avroittifaq qaz idxalını diversifikasiya etməyi prioritet elan edib. Məqsəd Rusiyadan qaz idxalını minimuma endirməkdir. Erməni lobbisi nə qədər cəhd etsə də, Aİ-nin enerji prioritetlərini dəyişə bilməyəcək. Ən azından ona görə ki, Azərbaycan Aİ üçün təkcə qaz mənbəyi deyil. Azərbaycan həm də vacib tranzit ölkəsidir. Vacib strateji bölgədə yerləşir. Avropa təsisatları yaxşı bilir ki, Ermənistan üzərinə düşən öhtəlikləri yerinə yetirmir. Məsələn, Paşinyan açıq bəyan etdi ki, Zəngəzur dəhlizi olmayacaq".

Bu baxımdan siyasi ekspert hesab edir ki, qazla bağlı erməni lobbisinin fəaliyyəti fiaskoya məhkumdur.

Milli.Az


Etiketlər:  Erməni lobbisi Avropada qisas kampaniyasına başlayıb Azərbaycan qazından imtina edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ