Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 May 2019 09:24
Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır.
Trend-in məlumatına görə, mayın 2-3-də keçiriləcək Forumda 105-dən çox ölkə və 35-dən çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı 21-dən çox tədbir keçiriləcək. Tədbir BMT tərəfindən təşkilatın rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq.
Tədbirin təşkilatçıları Azərbaycan hökuməti və Mədəniyyət Nazirliyi, tərəfdaşları isə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-dur.
2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı prosesi" 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün pozitiv platforma yarada bilib.
Bundan başqa, Forum çərçivəsində mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə digər maraqlı tərəflərlə yanaşı, həm də siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında tərəfdaşlığın formalaşdırılması üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək. Eyni zamanda 2 gün ərzində "Akademik Forum: dinlərarası dialoq və dini müxtəlifliyin idarə olunması", "Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq", "Qlobal vətəndaşlıq təhsili: sülh mədəniyyətinin aşılanması", "Sülh naminə çoxtərəflilik və diplomatiya", "Türkdilli ölkələr arasında dialoqun qurulmasında Böyük İpək Yolunun rolu" və digər mövzularda plenar sessiya və aralıq sessiyalar keçiriləcək. Həmçinin tədbir günlərində qonaqlar üçün sərgilər açılacaq, musiqili proqramlar təşkil ediləcək.
Forumda Qana Respublikasının xarici işlər naziri Şirli Botçvey, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa, Qambiyanın xarici işlər naziri Mamadou Tanqara, Monteneqronun mədəniyyət naziri Aleksandar Boqdanoviç, Mali Respublikasının mədəniyyət naziri Ramatulaye Diallo, Əlcəzairin mədəniyyət naziri Meriem Merdaci, İran İslam Respublikasının mədəniyyət və islam əlaqələri üzrə naziri Abuzər İbrahimi Torkaman, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Zhamankulov, Küveyt Dövlətinin informasiya və gənclərlə iş naziri Mohammad Naser Abdullahı Aljabri, Monteneqronun daxili işlər naziri Mevludin Nuhociç və Myanmanın təhsil naziri Myo Thein Gyi iştirak edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin