Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2019 14:24
Bakı. Samir Əli - Trend:
Oktyabrın 1-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun mərkəzi aparatında Azərbaycan Prokurorluğunun yaranmasının 101 illiyinə həsr olunmuş mərasim keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi Prokurorluğunun əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasında yerləşən Heydər Əliyev guşəsində Ümummilli Liderin büstü önünə gül dəstələri düzərək böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Mərasimi giriş nitqi ilə açan Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa edilməsi ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsi və prokurorluğun roluna rəsmi münasibətin təzahürüdür.
Hərbi prokuror Xanlar Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən nəhəng işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın maddi və sosial rifah halının davamlı olaraq yaxşılaşdırılmasından danışıb.
Xanlar Vəliyev bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinin, sarsılmaz qətiyyətinin və yorulmaz fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdəti nəticəsində ölkəmizdə ümumi daxili məhsul, bütövlükdə sənaye, o cümlədən mədən sənayesi və qeyri-neft sektorunda sənaye istehsalı, kənd təsərrüfatı məhsulları və sair istehsalı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, əhalinin pul gəlirləri, əməkhaqları, pensiyaları da dəfələrlə artıb, ölkə iqtisadiyyatına, o cümlədən qeyri-neft sektoruna yüz milyardlarla manat həcmində sərmayələr qoyulub və dövlətin valyutası olan manatın məzənnəsinin sabitliyi təmin olunub.
Ölkəmizdə gedən sürətli inkişafın beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini vurğulayan Hərbi prokuror qeyd edib ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Eyni zamanda, dövlətimiz inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə üçüncü yerdə qərarlaşıb. Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında isə Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Bütün bunlar qəti əminliklə onu deməyə əsas verir ki, Prezidentimizin apardığı daxili və xarici siyasətin alternativi yoxdur.
Xanlar Vəliyev xüsusi vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafında və qazanılan ardıcıl uğurlarda xalqına və dövlətinə sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da hərtərəfli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Dövlətimizin hərtərəfli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də müsbət təsir etdiyini bildirən Xanlar Vəliyev qeyd edib ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyəti daha da yaxşılaşdırılıb. Bunun nəticəsində vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı möhkəmləndirilən, mənəvi-psixoloji hazırlıqlı, yüksək əhval-ruhiyyəli, bir sözlə, müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Təsadüfi deyil ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan ordusu 85-ci, Ermənistan ordusu 96-cı sırada qərarlaşdığı halda, Azərbaycan Ordusu 52-ci yeri tutub.
Hərbi prokuror bildirib ki, Prezident İlham Əliyevin müdrik siyasəti və gərgin əməyi sayəsində ölkə iqtisadiyyatının durmadan inkişaf etməsi Hərbi Prokurorluğun maddi təminatının, eləcə də işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsinə zəmin yaradıb, müasir standartlara uyğun və zəruri avadanlıqlarla təchiz olunmuş binalar tikilib istifadəyə verilib, əməkdaşlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bütün bunlar hərbi prokurorluq işçilərinin xidməti vəzifələrinə vicdanla və daha məsuliyyətlə yanaşmalarına rəvac verib. Hərbi prokurorluq orqanlarının fəaliyyəti Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, o cümlədən hərbi idarəçilik strukturlarında hərbi qulluqçuların və mülki vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vuracaq əməllərin qarşısının alınmasına, işin səmərəliliyinin artırılmasına, eyni zamanda, ordu quruculuğuna mənfi təsir edə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəldilib. Beləliklə, cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, nəticə etibarilə Silahlı Qüvvələrdə törədilən cinayətlərin və digər qanun pozuntularının ildən-ilə azalması tendensiyası davam edib.
Tədbirə yekun vuran Xanlar Vəliyev prokurorluq orqanlarından yüksək diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə dərin ehtiramını ifadə edərək, dövlətimizin başçısını əmin edib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu bundan sonra da Silahlı Qüvvələrdə nizam-intizamın və qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin