Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 08:52
Böyük Britaniyanın aparıcı və məşhur qəzetlərindən biri "The Telegraph" qəzeti Azərbaycanı Birləşmiş Krallıq üçün strateji əhəmiyyətli ölkə kimi təqdim edib.
Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən verilən məlumata görə, "The Telegraph"da respublikamızın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanovun "Qafqazda sülhün bərpası" adlı məqaləsi çap olunub.
Məqalədə Azərbaycanın dünyada həm İran, həm də Rusiya ilə həmsərhəd olan yeganə dövlət kimi yerləşməsi, Avrasiyanın üzləşdiyi təlatüm və qarışıqlıqlar zamanı əhəmiyyətinin artması vurğulanıb.
Cənubi Qafqazın yenidən Asiya ilə Avropa arasında həyati əlaqə, enerji müxtəlifliyi üçün əsas mənbə, Mərkəzi Asiyaya giriş qapısı kimi meydana çıxdığı bildirilib. Ətraf regionda baş verən hadisələr Cənubi Qafqazın strateji əhəmiyyəti vurğulanıb, qeyd edilir ki, Ermənistan və Azərbaycanın sərhədyanı ərazilərində sentyabr ayında baş verən döyüşlər bölgədə sülh və təhlükəsizliklə bağlı narahatlıqları artırır. Belə ki, Aİ-nin səylərinin davamı olaraq, ABŞ öz növbəsində, dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə, ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanı isə azərbaycanlı və erməni həmkarları ilə bir araya gətirərək ciddi diplomatik gedişlər etdi.
Qeyd olunur ki, SSRİ-nin dağılmasından sonrakı otuz il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqlarının qeyri-qanuni işğalı və mülki azərbaycanlı əhalinin yurd-yuvalarından didərgin düşməsi, regionda inkişaf və sabitliyə başlıca çətinlikdir. 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı qalan əsas məsələnin regionda davamlı sülhün və normallaşmanın təmin edilməsidir. Hərbi əməliyyatların dayandırılmasından dərhal sonra Azərbaycan normallaşma istiqamətində addımlar atdı və o vaxtdan ərazi bütövlüyünün qarşılıqlı tanınması, iqtisadi əlaqələrin bərpası və sərhədlərin müəyyənləşdirilməsini özündə əks etdirən sülh sazişi istiqamətində beş bəndlik yol xəritəsi işləyib hazırlayıb.
Məqalədə Ermənistanın Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında üçtərəfli bəyanatı imzalamasına baxmayaraq, hələ də öz öhdəliklərini yerinə yetirməkdə nəzərəçarpacaq irəliləyiş əldə etməkdə çətinlik çəkdiyi qeyd olunub.
Azərbaycanın yaxın gələcəkdə Avropaya təbii qaz tədarükünü ikiqat artırmağı planlaşdırır. Mərkəzi Asiya dövlətləri Bakı ilə əməkdaşlıq çərçivəsində Avropaya uzanan kommunikasiya dəhlizlərinə qoşulması sülhün potensial səmərəliliyini artıracaq, sülh prosesini gecikdirmək isə fürsətlərin əldən verilməsi deməkdir.
Son 30 ildə Azərbaycan qərb dövlətləri ilə təhlükəsizlik, enerji şaxələndirilməsi və regional əməkdaşlıq üzrə tərəfdaşlığa güclü diqqət yetirməklə balanslaşdırılmış müstəqil siyasət yürüdür - məsələn, Böyük Britaniya Azərbaycanda ən böyük xarici investordur. Ermənistan isə öz növbəsində xarici asılılıqlarını durmadan dərinləşdirir.
Azərbaycan və Ermənistan sülh sazişini müzakirə edərkən, bizim qərb tərəfdaşlarımız birbaşa danışıqları və sülh sazişinə doğru irəliləyişi təşviq etməlidirlər. Ermənistanın öz yaxın tarixindən dərslər və sınaqlar açıq şəkildə göstərir ki, qonşularla davamlı sülhə üstünlük vermək yeganə düzgün seçimdir və bu şansı əldən vermək olmaz.