Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arutyunyan “Bakı ilə dialoq”dan danışdı: Hansı “dialoq”?

Arutyunyan “Bakı ilə dialoq”dan danışdı: Hansı “dialoq”?

Tarix: 21 Oktyabr 2022 17:56

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yerləşən rus sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün rəhbəri Araik Arutyunyan ötən gün Ermənistan İctimai televiziyasına müsahibə verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, müsahibəsində 44 günlük müharibə nəticəsində Ermənistanın artıq Qarabağ ermənilərini "hərbi yolla qorumaq imkanının" məhv edildiyinə işarə edən Arutyunyan "Bakı ilə danışıqlar"dan başqa yol olmadığını bildirdi.

Onun sözlərinə görə, Qarabağ ermənilərinin "müstəqilliyini", "öz müqəddəratını təyin etmə hüququnu" təmin etməyin yolu Bakı ilə danışıqlardan keçir.

Bu, Azərbaycanın yerli erməni icması ilə "qeyri-formal təmasların mümkünlüyü" haqda açıqlamasından yalnız sui-istifadə deyil, həm də bunu manipulyasiya etmək, yanlış təsəvvür yaratmaq və təbliğatı bunun üzərində qurmaq üçün edilən mənasız bir cəhddir.

Əvvəla, Azərbaycan 26 il müddətində Xankəndidəki ermənilərin danışıqların subyekti olmasına imkan verməyib və Heydər Əliyevin bu müdrik, uzaqgörən siyasətinin nəticəsində Qarabağ erməniləri "tərəf" kimi hüquqi-siyasi müstəvidən kənarda qalıblar. 44 günlük savaşda böyük qələbə əldə edən Azərbaycan heç bir halda "Xankəndi ilə" ikitərəfli danışıqlar aparmaz və bu, ən yüksək səviyyədə elan da edilib.

İkincisi, Qarabağda yaşayan 25 min civarındakı erməni icması ilə qeyri-formal təmaslar heç bir halda bu icma nümayəndələrinin "müstəqillik və öz müqəddəratını təyinetmə hüququnun" müzakirəsi müstəvisində deyil. Araik bu mümkün təmaslara "müqəddəratını təyinetmə" yarlığı yapışdırmaqla:

a) Erməni ictimaiyyətinə yalan deyir və beynəlxalq qurumlarda yanlış rəy yaratmağa çalışır;

b) Mümkün təmasların üzərindən indidən xətt çəkir.

Üçüncüsü, Qarabağdakı 25 minlik erməni icması ilə qeyri-formal təmaslara Araik Arutyunyanın heç bir aidiyyəti yoxdur.

Araik Arutyunyan Azərbaycanın Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi qaldırılan və axtarışa verilən kəsdir. Hələ bir neçə gün bundan öncə Baş prokuror Kamran Əliyev Araik Arutyunyanın məsuliyyətə cəlb edilməsi ilə bağlı prosesin uğurlu olmamasının səbəbləri haqda da danışmışdı. Yəni Araik Arutyunyan cinayətkardır, cinayətkarla qeyri-formal təmas isə mümkün deyil.

Azərbaycanın hüquq-mühafizə orqanı əməkdaşları yalnız yerli ermənilərin icma rəhbərləri ilə onların ölkəmizə inteqrasiyası istiqamətində təmaslar yarada, onların Azərbaycan parportları alması, təhlükəsizliklərinin təmini və s. sahədə zəruri məsələləri həll edə bilər və bu istiqamətdə təmasların başladığını da artıq Prezident İlham Əliyev elan edib.

Araik Arutyunyan və onun dəstəsi isə separatçıdır, terrorçudur, Azərbaycan vətəndaşlarına qarşı silahlı teraktlar törədiblər; onlarla "təmas" yalnız həbs ola bilər.

Milli.Az


Etiketlər:  Arutyunyan Bakı ilə dialoqdan danışdı Hansı dialoq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ