Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naxçıvanda həbslər niyə başladı?

Naxçıvanda həbslər niyə başladı?

Tarix: 1 Dekabr 2022 07:06

Son günlərdə demək olar ki, Azərbaycan cəmiyyətində bütün diqqətlər Naxçıvana yönəlib. Muxtar Respublikadan gələn həbs xəbərləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunun hansısa siyasi proses olduğunu düşünənlər də az deyil.

Amma ortada həbsləri gərəkdirəcək ciddi faktlar var axı...

Təsəvvür edin, təkcə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu 132 milyon manat dövlət vəsaitini mənimsəkdə ittiham olunur. Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev də ondan geri qalmır. Nazir isə 144 milyon manatı türklər demiş, "cepə endirib".

Əgər sözügedən mənimsəmə faktları varsa, həbslər niyə təəccüblə qarşılanmalıdır ki? Naxçıvan Muxtar Respublikası da Azərbaycanın ayrılmaz bir hissəsidir. Ölkənin digər regionlarında olduğu kimi, orada da korrupsiyaya qarşı əməliyyatların keçirilməsi aidiyyəti dövlət orqanlarının vəzifə borcudur. Yəni, Naxçıvandakı həbslər digər bölgələrdə və strukturlarda analoji pozuntularla bağlı tədbirlərdən heç nə ilə fərqlənmir.

Bu isə o deməkdir ki, Şəmkirin sabiq başçısı Alimpaşa Məmmədovla Rafel Əliyev, o cümlədən İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyevlə Mənsur Əsgərov arasında heç bir fərq yoxdur. Adıçəkilən şəxslərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə ittiham olunur - 179.4!

Bu gün Naxçıvanda quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin siyasətidir. Bu məqsədlə Naxçıvana lazımi vəsait ayrılır, bu məsələdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər də sərt cəzalandırılmalıdır.

Görünür, Naxçıvan gömrüyündə Səfər Mehdiyevdən qalma oturuşmuş korrupsiya sistemi mövcud olub. Araşdırmalar göstərib ki, Naxçıvana gətirilən mallarda külli miqdarda gömrükdən yayınma halları var. Məhz buna görə Naxçıvanda adambaşına düşən ümumi istehlak payı Azərbaycanın digər bölgələrindəki göstəricidən 10 faiz az göstərilib. Əslində isə bu 10 faizlik fərq Naxçıvana malların gömrükdən kənar gətirilməsi, "yeyinti" ilə bağlıdır.

Halbuki hər il dövlət büdcəsindən təxminən 500 milyon manatdan çox vəsait Naxçıvanın maliyyələşməsi üçün ayrılır. Gələn ilin dövlət büdcəsində Naxçıvanın öz gəlirlərinin 185 milyon manat olacağı gözlənilir. Aydındır ki, bu rəqəm real mənzərəni əks etdirmir. Əgər yalnız gömrükdə 100 milyon manatdan artıq mənimsəmə faktı aşkarlanıbsa, ümumilikdə yeyinti və mənimsəmənin səviyyəsini təxmin etmək olar.

Bəs, Naxçıvanda bundan sonra proseslər hansı istiqamətdə gedəcək. Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli "Qafqazinfo"ya danışıb.

Onun fikrincə, Naxçıvanda baş verənlər korrupsiya əməllərinin ifşası, yoxlamalar aysberqin görünən hissəsidir:

"Çox güman Naxçıvanın ümumi idarəetməsi, muxtariyyət statusu ilə bağlı gələcəkdə müəyyən qərarların qəbul edilməsi üçün zəmin hazırlanır. Doğru olan da məhz budur. Çünki unitar dövlətdə ayrıca muxtar vilayətin olması problemlər yarada bilər, hətta Qarabağ danışıqlarına belə maneə törədə bilər. Ona görə də düşünürəm ki, yoxlamaların sərtləşməsi, korrupsiya əməllərinin ifşası, Muxtar Respublikanın yerli orqanlarının gələcəkdə mərkəzi idarəetmə orqanlarına birləşdirilməsi prosesi davam etdiriləcək. Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı biz bu prosesləri gördük. Nəticə etibarilə biz gələcəkdə Naxçıvan bölgəsinin ümumi idarəetməsinin statusu ilə bağlı yeni dəyişikliklərin, yeni təkliflərin səsləndirilməsinin şahidi ola bilərik. Mənə elə gəlir ki, bu proseslər məhz o qlobal hədəfə hazırlıq kimi görülür".

Dövlət büdcəsindən Naxçıvana ayrılan dotasiyaya da toxunan iqtisadçı qeyd edib ki, əslində bölgənin dövlət büdcəsindən asılılığı çoxdan azalmalı idi:

"Naxçıvanın coğrafi mövqeyi, Türkiyə və İranla sərhədlərinin olması bu bölgəyə kifayət qədər üstünlük qazandırmalı idi. Təəssüf ki, Naxçıvan Azərbaycan müstəqillik qazandıqdan sonra hər il dövlət büdcəsindən ən çox dotasiya alan bölgə oldu. Həmişə böyük dotasiyalar alır. Mənə elə gəlir ki, son əməliyyatlar, yoxlamalar sübut etdi ki, Naxçıvan ayrıca bölgə kimi də iqtisadi cəhətdən özünü doğrultmur, özünün dolandıra bilmir. Bu da iqtisadi məsələdən daha çox idarəetmə ilə bağlı problem idi. Çox güman ki, idarəetmə sistemini dəyişmədən iqtisadi müstəqilliyə, iqtisadi olaraq özü-özünü maliyyələşdirməyə də keçid mümkün olmayacaq. Əslində əhali sayı, ərazini, iqtisadi münasibətlərin imkanlarını nəzərə alsaq, Naxçıvan ən azından özünün maliyyələşdirməyə qadir olmalı idi. Ən azı bu bölgənin 500 milyon manat olmalı idi".

Milli.Az


Etiketlər:  Naxçıvanda həbslər niyə başladı


RƏYLƏR