Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2022 20:30
Göydən bir damcı yağış düşən kimi Biləcəri qəsəbəsinin sakinləri palçığa düşür. Yolun kələ-kötürlüyü və yağışdan sonra yaranan gölməçələr sakinlərin gediş-gəlişini müşkülə çevirir. Yaxınlıqda yerləşən məktəbə gedənlər də hər gün bu yoldan keçməyə məcburdular.
Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı "ATV Xəbər" maraqlı süjet hazırlayıb.
Sakinlər deyir ki, gecə-gündüz dua edirlər yağış yağmasın. Yağışdan sonra uzun müddət yollar demək olar ki, tamamilə keçilməz olur.
Sakin: "Hər gün bu yoldan istifadə edirik. Yağış yağanda da xüsusilə vəziyyət biyabırçı şəkildədir. Maşınların gəlib-keçməyi uşaqların getməyi, çətinlik çəkirik".
Sakin: "Məktəbin arxasınan fırlanıb gəlirik, bu əziyyətlə uşağı götürməyə".
Sakin: "Səhərlər lap pis olur. Yoldan keçəndə bizə maneçilik törədir. Ayaqqabılarımız, şalvarımız batır".
Sakin: "Neçə dəfə uşaqlar yıxılıb. Bunun dərdindən məktəbə gətirmək də istəmirik".
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, qəsəbədaxili yollar qurumun balansında deyil. Bu tipli yolların tikinti və təmir işləri icra hakimiyyətləri və ya bələdiyyələrin təqdimatı əsasında həyata keçirilir. Aidiyyəti üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva dedi ki, həmin ünvan da daxil olmaqla təmirə ehtiyacı olan yollarda asvaltlama işlərinin aparılması ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə siyahı təqdim edilib. Vəsait ayrıldıqdan sonra təmir işləri mərhələli şəkildə aparılacaq.